Qurban Qurbanov: “Mən və futbolçular qarşımıza məqsəd qoymuşuq”

Qurban Qurbanov: “Mən və futbolçular qarşımıza məqsəd qoymuşuq”

Konfrans Liqasının qrup mərhələsinin I turunun “Qarabağ” – “Bazel” oyunundan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. 49 yaşlı mütəxəssis 0:0 hesabı ilə başa çatan görüş barədə fikirlərini açıqlayıb:

“Azarkeşlərə ürəkdən təşəkkür edirəm. Çox möhtəşəm ab-hava var idi. Bu gün çatışmayan bir qol idi. Çox sürətli və dinamik komandaya qarşı oynadıq. İlk hissənin 10 dəqiqəsi düşündüyümüz kimi alınmadı. Oyunun gedişatında bəzi dəyişikliklər etdik və rəqibə istədiyi kimi oynamaq fürsəti vermədik. Futbolçularda yorğunluq hiss etmədim və bu səbəbdən iki dəyişikliklə kifayətləndim. Düşünürəm ki, oyunçular sonadək tempi saxlaya bildilər. Bu, məni qane edirdi. Oyunçular bir-birilərini yaxşı anlayırdılar. Onların 90 dəqiqə oynamağa gücləri çatdı. Futbolçulardan razı qaldım. Belə oyunlarda qol vurmaq üçün həddindən artıq istəkli oluruq. Bəzən qapıçının yaxşı oyunu buna mane olur”.

Qurbanov qrupun qarşıdakı matçları və növbəti mərhələ şansları barədə də danışıb: “Qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyimizə inanıram. Hər futbolçumuz əziyyət çəkməlidir. Növbəti görüşlərdə qələbəyə nail olacağımıza inanıram. Hər turnirdə maksimum nəticə əldə etmək niyyətindəyik. Son 4-5 ildə futbol elə səviyyəyə çatıb ki, istənilən komanda düşünmədiyimiz nəticəni əldə edir. Hər komanda bizə qarşı ciddi hazırlaşır. Qrupdakı rəqiblər arasında böyük fərqin olduğunu deyə bilmərik. Mən və futbolçular qarşımıza məqsəd qoymuşuq. Sonadək mübarizə aparıb, ən yaxşı nəticəni qazanmağa çalışacağıq”.

Təcrübəli mütəxəssis hücumçu transferi və ayrı-ayrı futbolçular barədə sualları da cavablandırıb: “Bu, mənə ən çox verilən sualdır. Rəqib “Neftçi” ilə oyuna baxıb və İbrahima Vadjiyə qarşı xüsusi diqqət ayırdı. Komandamda hücumçulardan başqa digər oyunçular bombardir olsa, buna təəccüblənmərəm. Hazırda transfer dönəmi bitib. Ən azı yanvaradək gözləyəcəyik. Bu gün komandamdakı hər futbolçudan razıyam. Qaspar hələlik idman formasından çox uzaq idi. İndilərdə formasını bərpa etməyə başlayıb. Bu səbəbdən Marko Veşoviçi oyuna daxil etdik. Bacarıqlı və universal futbolçudur. Ramil Şeydayev çox əziyyət çəkən və işgüzar futbolçudur. Qol ona daha da inam gətirə bilərdi. Siz necə təəssüfləndinizsə, mən də o hissləri keçirdim. Ona inanıram. Mənim üçün futbolçunun olduğu kluba hörmət etməsi və işgüzar olması önəmlidir. Ramil də həmin oyunçulardandır”.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ” qrup mərhələsinə heç-heçə ilə start verdi

Növbəti yazı

Kuman üçün istefa tələbi