Ekspert yazarlarımız və onlar haqqında məlumat
Sənan Şəfizadə
Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur.
2000-ci ildə “168 saat” və “Tələbə Press” qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda “ATV İdman” informasiya proqramının aparıcısı və redaktorudur.
2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən “İlin idman jurnalisti” seçilib. 2009 və 2014-cü illərdə “İlin ən yaxşı idman aparıcısı” nominasiyasında “Zəfər” Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb.
Bir sıra dövlət tədbirlərində – o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən “İlin peşəkar aparıcısı” kimi xüsusi diploma layiq görülüb.
İlkin Fikrətoğlu
Xəlilov İlkin Fikrət oğlu – 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə “Futbol+” qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda “ATV İdman” informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə – 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.
Gündüz Abbaszadə
Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.
Anar Şabanoğlu
İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır.
Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti “Futbol+”də bu sahədə fəaliyyətinə başlayıb. “İdman”, “Futbol+qol” və “Sovetskiy Sport” nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb.
CBC Sport yaranandan bu telekanalda çalışıb. “Neftçi” Peşəkar Futbol Klubunun mətbuat katibi olub.
2020-ci ildən Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının vitse-prezidentidir.
İlkin Məmmədov
İlkin Məmmədov 1995-ci ildə Şamaxı şəhərində anadan olub. Bakı Dövlət Universiteti (Jurnalistika) məzunudur. 2013-cü ildən idman jurnalisti fəaliyyətinə başlayıb.
2013-cü ildə “Futbolinfo.az” saytında müxbir kimi işə başlayıb. Daha sonra “BDU Radio”da layihə rəhbəri və radioaparıcı, müstəqil jurnalist olaraq bir neçə idman saytı ilə və “Korner.az” idman-xəbər saytında redaktor kimi fəaliyyət göstərib. Futbol, basketbol, cüdo, şahmat və bir neçə idman növləri üzrə ixtisaslaşıb. 2016-cı ildə Bakıda keçirilən Şahmat Olimpiadasını işıqlandırdığına görə qurum tərəfindən təltif edilib.
Azərbaycan Premyer Liqasında çıxış edən bir neçə klubla: “Qəbələ”, “Qarabağ”, “Sumqayıt” və “Zirə” ilə əməkdaşlıq edib.