Regekampf: “Növbəti mərhələyə böyük addım atacağıq”

Regekampf: “Növbəti mərhələyə böyük addım atacağıq”

Azərbaycan vitse-çempionu “Neftçi”  Konfrans Liqasının II təsnifat mərhələsində Kipr klubu “Aris”lə qarşılaşacaq. Qarşılaşmadan bir gün öncə Bakı təmsilçisinin baş məşqçisi Laurentsiu Regekampfın mətbuat konfransı keçirilib.

Rumıniyalı mütəxəssis sabahkı səfər görüşü barədə fikirlərini açıqlayıb: “Bizim üçün çox vacib oyun olacaq. İlk rəsmi matçımızdır. Ağır təlim-məşq toplanışını geridə qoymuşuq. Düşünürəm ki, sabah çox yaxşı oyun nümayiş etdirəcəyik. İnanıram ki, növbəti mərhələyə adlamaq üçün böyük addım atacağıq. Sabahkı oyunun heyətini deyə bilmərəm. Təlim-məşq toplanışında bir çox şeyləri sınamışıq. Çalışacağıq ki, ən yaxşı “11-liy”i seçək. Elə oynamalıyıq ki, bütün rəqiblər bizə qol vurmaqda çətinlik çəksin. Söhbət təkcə müdafiədən yox, bütün heyətdən gedir. Çünki komanda 3-4 oyunçudan ibarət deyil. Keçmişdə baş verənlər önəmli deyil. Əsas sabahkı mübarizədir. “Aris” çox yaxşı komandadır, çoxlu əcnəbi futbolçuları və güclü baş məşqçiləri var. Aqressiv futbol oynayırlar, uzun müddətdir bir yerdədirlər. Ona görə də, onlar üçün hansısa problemi aradan qaldırmaq daha rahatdır. Sabah “Aris”ə qarşı heç də asan oyun gözlənilmir. Məncə, futbolçularım rəqibin üstünlüklərini bilirlər. Sabah onlar aqressiv, çox yüksək pressinq tətbiq edəcəklər. Fiziki cəhətdən də hazırlıqlıdırlar. Bundan ehtiyatlanmalıyıq. Kipr klubu evdə oynayacaq, azarkeş amili də onlara kömək olacaq. Buna baxmayaraq, komandama inanıram”.

ETOPAZ

Əvvəlki yazı

De Yonq “Çelsi” yolunda

Növbəti yazı

Elmar Baxşıyev: “Bunun davamını meydanda gətirəcəyik”