“Qarabağ” Azərbaycan derbisində qələbə ilə zirvəyə yüksəldi

“Qarabağ” Azərbaycan derbisində qələbə ilə zirvəyə yüksəldi


Azərbaycan Premyer Liqasında III tur başa çatıb. Turun son oyununda ölkənin iki ən titullu klubu “Neftçi” və “Qarabağ” üz-üzə gəlib. “Bakcell Arena”da keçirilən Azərbaycan derbisində hesabı Ağdam klubu açıb. İbrahima Vadji 21-ci dəqiqədə rəqibin səhvindən sonra Premyer Liqada ilk qoluna imza atıb. 26 yaşlı seneqallı hücumçu ilk yarının son dəqiqəsində fərqi iki topa çatdırıb.
Son çempion ikinci hissənin əvvəlində qollardan birinin əvəzini çıxıb. Emin Mahmudov cərimə meydanı daxilindən qapını dəqiq nişan alıb. Avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi qələbə hesabını qoruya bilib. 2:1 hesablı qələbədən sonra “Qarabağ” turnir cədvəlində 1-ci pilləyə yüksəlib.
Xatırladaq ki, turun digər oyunlarında “Qəbələ” “Sabah”ı, “Zirə” “Keşlə”ni səfərdə eyni – 2:0, “Səbail” evdə “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib.

ETOPAZ

Əvvəlki yazı

Salah Premyer Liqada 100-cü qolunu vurdu

Növbəti yazı

Benzema “Top-10”da