Maksim Medvedev: “Tilsimi qırmaq istəyirik”
“Qarabağ”ın kapitanı Maksim Medvedev Konfrans Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Bazel” oyununa həsr olunan mətbuat konfransında iştirak edib. 32 yaşlı müdafiəçi sabah Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşma barədə fikirlərini açıqlayıb:
“Sabah bizi ağır oyun gözləyir. Çox məsuliyyətli matç olacaq. Ab-hava yaxşı vəziyyətdədir. Səbirsizliklə bu qarşılaşmanı gözləyirik. İstəyirik ki, özümüzü yaxşı tərəfdən göstərək. Baş məşqçinin tapşırıqlarını yerinə yetirsək, uğurlu nəticə qazanacağıq. Rəqibi təhlil etmişik. Hələ də analiz üçün vaxtımız var. Biz mərkəzi arenada oynamağa öyrəşmişik. Ora bizim üçün uğurlu stadiondur. BOS-da isə oyunumuz alınmır və yaxşı nəticə qazana bilmirik. Bu tilsimi qırmaq istəyirik”.