Canni de Byazi: “Sabah Mahirdən qol gözləyirik”

Canni de Byazi: “Sabah Mahirdən qol gözləyirik”

DÇ-2022-nin seçmə mərhələsində İrlandiya ilə keçiriləcək oyunu öncəsi Azərbaycan millisinin baş məşqçisi Canni de Byazinin mətbuat konfransı təşkil olunub. 65 yaşlı italiyalı mütəxəssis sabah Bakı Olimpiya Stadionunda baş tutacaq matçla bağlı düşüncələrini bölüşüb:

“Komandada durum yaxşıdır. Bəzi oyunçular zədə səbəbindən sabah olmayacaq. Ümumilikdə komanda çox istəklidir. Sabah müsbət nəticə qazanmağa çalışacağıq. İrlandiyada 2 xal itirdik. Onu bərpa etmək istəyirik. Araz Abdullayev müsbətə doğru dəyişilib, daha da böyüyüb. Yaxşı mənada məni təəccübləndirdi”.

De Byazi AFFA ilə başa çatan müqaviləsinin uzadılıb-uzadılmaması barədə də fikirlərini açıqlayıb:

“Müqaviləmlə bağlı AFFA özü qərar verəcək, 14 ay ərzində nə etdiyimizə baxacaq. 16 oyundan 13-nü evdən kənarda keçirmişik. Bu, qeyri-adi situasiyadır. Amma komanda inkişaf edir. Bunu Dublində gördük. Rəqib FİFA-nın reytinqində 50-ci yerdədir. Bunu nəzərə alsaq, inkişaf etdiyimizi demək olar. Ümumilikdə çox güclü komandadır. Əksəriyyəti İngiltərə Premyer Liqasında çıxış edir. Fiziki cəhətdən güclüdürlər. Səfərdə ilk hissədə keçirdiyimiz oyunu təkrarlamalıyıq”.

İtaliyalı mütəxəssis Azərbaycan futbolçularının ölkə xaricində oynamasına da münasibət bildirib:

“Futbolçularımız bu ildən xaricə çıxmağa başlayıblar. Bu Azərbaycan futbolu üçün xoş haldır. Amma düşünürəm ki, hələ cəmi 2 aydır oradadırlar. Hələ az müddətdir. Bir ildən sonra danışarıq. Mahir Emreli Çempionlar Liqasında qol vurub. Sabah Mahirdən qol gözləyirik. Çünki burada olduğum müddətdə – 16 oyunda bir qol da vura bilməyib”.

ETOPAZ

Əvvəlki yazı

Dumbuyaya vida

Növbəti yazı

Benzema Zidanı keçdi