Canni de Byazi: “Mənim üçün vacib olan qələbə qazanmaqdır”

Canni de Byazi: “Mənim üçün vacib olan qələbə qazanmaqdır”

Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazinin mətbuat konfransı keçirilib. Tədbir Bakı Olimpiya Stadionunda baş tutub. İtaliyalı mütəxəssis martın 25-də Malta, 29-da Latviya ilə keçiriləcək yoldaşlıq oyunları və bu matçlara çağırılan heyətlə bağlı fikirlərini açıqlayıb:

“Heç vaxt deməmişəm ki, onlar millidə olmayacaqlar. Sadəcə həmin vaxt koronavirusla bağlı belə vəziyyət yaranmışdı. Gənclərə üstünlük vermişdik. Amma indi başa düşürük ki, təcrübəli oyunçular da lazımdır. Yaxşı nəticələr üçün Riçard Almeyda, Dmitri Nazarov, Eddi İsrafilov, Ağabala Ramazanov kimi oyunçuları çağırdım. Bu baxımdan əmin olmadığım nəsə yoxdur. Gənclər yenə heyətdə qalır və onlara təcrübəsi ilə komandaya kömək edə biləcək oyunçular əlavə olunub. Onların özləri də bunu bilmir. Bu barədə ilk olaraq onlar biləcək. Üç yaxşı qapıçımız var. Xüsusən də, “Qəbələ”dən çağırdığımız Nicat Mehbalıyev gəncdir, perspektivi var, yaxşı mövsüm keçirir. Digər iki qapıçı təcrübəlidir. Əlimizdəki oyunçulara əsasən taktiki dəyişikliklər olacaq. Mənim üçün ən vacibi nəticədir, qələbə qazanmaqdır”.

De Byazi “Qəbələ”nin futbolçularını diqqətdə saxladığını da söyləyib:

“Rövlan Muradovu mən çox qiymətləndirirəm. Özünə də mesaj yazdım ki, səni millidə görmək istəyirəm. Amma onu daha az tanıyıram. Həmçinin “Qəbələ”dən Murad Musayev də yaxşı mövsüm keçirir. Amma viza məsələsinə görə milliyə cəlb edə bilmədik. Ülvi İsgəndərov da maraqlı oyunçudur. Klubunda həmişə əsas heyətdə oynamır. İnanıram ki, milliyə yenidən çağırılacaq”.

Mütəxəssis Rüstəm Əhmədzadənin əsas milliyə çağırmasının səbəbini söyləyib:

“Onu U-21-ə buraxmaq istəyirdim ki, oynamaq imkanı olsun. Amma Namik Ələskərovun zədəsi var. Qarşıdakı matçlarda iştirakı sual altındadır. Bu üzdən Rüstəmi çağırdıq. Millimizin gələcəyi olan oyunçulardandır”.

Çalışdırıcı Millətlər Liqası haqda da danışıb:

“Qələbə öz-özünə gəlmir, onun üçün mübarizə aparmalıyıq. Bu, çətin situasiyalarda vacibdir. İyunda vacib matçlarımız var. Qısa müddətdə 4 oyun keçirəcəyik. Bunun üçün 30 futbolçu lazımdır. Komandada mütləq birlik lazımdır. Kimin oynamasının, kimin tribunada oturmasının fərqi yoxdur. Hamı başa düşür ki, bu bayraq üçün vuruşuruq. Fikirləşirəm ki, rəqiblərimiz də yorğun olacaq, onlar da ağır mövsümdən sonra oynayacaqlar. Yaxşı olardı ki, komandamızda zədəlilər olmasın. Slovakiyanı çıxsaq, balanslı qrupdur. Digər komandalarla başabaş mübarizə apara bilərik. Qısa müddətdə səfərə gedib, ardından evə gələcəyik. Bir rəqibimizin də kimliyini gözləyirik. Bu, Moldova və ya Qazaxıstan olacaq”.

ETOPAZ

Əvvəlki yazı

Fernandinyoya əvəzləyici axtarılır

Növbəti yazı

“Real”ın hədəfindəki “Lester”li