Canni de Byazi: “Futbolda hər şey baş verə bilər”

Canni de Byazi: “Futbolda hər şey baş verə bilər”

Azərbaycan millisi sabah növbəti oyununu keçirəcək. Millətlər Liqasının Slovakiya ilə ev matçı ərəfəsində təşkil olunan mətbuat konfransında yığmamızın baş məşqçisi Canni de Byazi iştirak edib. İtaliyalı mütəxəssis sabahkı qarşılaşma barədə danışıb: 

“Qazaxıstan və Belarusla oyunlarda rəqiblərdən üstün futbol oynadıq, keyfiyyətli futbol nümayiş etdirdik. Təəssüf ki, hələ də qol vura bilməmişik. Baxmayaraq ki, kifayət qədər şanslarımız olub. Bu amil bizi məyus edir. Futbolda bu gün baş verməyən sabah nə vaxtsa gerçəkləşir. Sabah bizi ağır oyun gözləyir. Onların Qazaxıstana məğlubiyyəti bizim üçün gözlənilməz oldu. Sabah qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

De Byazi yığmanın üzləşdiyi tənqidlərə də toxunub: “Tənqidin olması normaldır. Bu, sizin və mütəxəssislərin işidir. Hər kəs öz işini görür. Çox dərinliyə getmək niyyətində deyiləm. Amma heç kim deyə bilməz ki, son iki oyunda pis çıxış etmişik. Futbolda bu gün uduzursan, hamı səni pisləyir. Ancaq bir qələbə qazanan kimi səni tərifləyirlər. Statistikaya baxırıq, indi burada iki qələbə haqqında da danışa bilərdik. Futbolda hər şey baş verə bilər”.

Baş məşqçi rəqibi də dəyərləndirib: “Slovakiya millisi qrupumuzun ən güclüsüdür. Oyunçuların çoxu İtaliyada, İngiltərədə çıxış edir, yüksək keyfiyyətə malikdirlər. Oyunlarını analiz etmişik. Qazaxıstanla oyunda çoxlu qol imkanları olub, lakin dəyərləndirə bilmədilər. Qazaxıstan 11 nəfərlə sona qədər mübarizə apardı. Biz də sabah bu cür oynamalı və oyunu 11 nəfərlə tamamlamalıyıq. Lazımsız qayda pozuntuları etməməliyik”.

ETOPAZ

Əvvəlki yazı

Uimbldonda rekord

Növbəti yazı

Emin Mahmudov: “Meydana rahat çıxmaq haqqımız yoxdur”