Canni de Byazi: “Əminəm ki, bundan daha artığını edə bilərdik”
Azərbaycan millisi Millət Liqasında növbəti matçına çıxıb. Slovakiya ilə qarşılaşmadan (0:1) sonra baş məşqçimiz Canni de Byazi oyun barədə fikirlərini açıqlayıb:
“Rəqibin güclü olduğunu bilirdik. İlk 20 dəqiqədə yaxşı çıxış etmədik. Bundan sonra heç də pis oynamadıq. İlk hissənin sonlarında qol da vura bilərdik, imkanlarımız oldu. Fasilədən sonra rəqib ustalığını nümayiş etdirdi. Amma bütün oyun boyu mübarizə apardıq. Əminəm ki, bundan daha artığını edə bilərdik. Sizin kimi mən də qələbə istəyirəm. Oyundan sonra da futbolçularıma dedim ki, ilk 20 dəqiqəni çıxsaq, qorxaraq oynamadıq. Əvvəlki iki oyunda da dominant idik. İki oyuna rəqib qapılarına 30 zərbə vurmuşduq. Rəqəmlər bizi aldada bilməz. Bu, faktdır. İki gün sonra Belarusla oyunumuz var. Qələbə qazanmaq üçün mübarizə aparacağıq. Qazaxıstanı da Bakıda məğlub etməyə çalışacağıq”.