“Roma” Konfrans Liqasının ilk çempionu oldu
Konfrans Liqasında mövsümə yekun vurulub. Tarixdə ilk dəfə keçirilən turnirin final matçı Albaniyanın Tirana şəhərində keçirilib.
Həlledici görüşdə “Roma” “Feyenoord”la qarşılaşıb. Qarşılıqlı hücumlarla başlayan matçda ilk hissədə hesab açılıb. Nikolo Zaniolo italiyalıları hesabda önə çıxarıb. İkinci yarı “Feyenoord”un üstünlüyü ilə keçib. Niderland klubu bir neçə dəfə qola yaxın olsa da, bu, mümkün olmayıb. Oyun “Roma”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Konfrans Liqasının ilk çempionu olan “Roma” həm də tarixində birinci dəfə avrokubokların qalibi olub.





