“Qarabağ”dan darmadağın
Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib. Ağdam klubu Çempionlar Liqasının I təsnifat mərhələsində cavab matçına çıxıb.
Qurban Qurbanovun yetirmələri Polşa “Lex”ini qəbul edib. Poznanda 0:1 hesabı ilə uduzan təmsilçimiz üçün Bakıdakı görüş də uğursuz başlayıb. Qonaqlar Kristoffer Veldenin 1-ci dəqiqədəki qolu ilə hesabı açıb.
Lakin bütün oyun ərzində üstünlüyə malik olan “Qarabağ” artıq ilk yarıda vurulan iki topla ümumi hesabı da bərabərləşdirib. Kadi Borqes 14-cü, Filip Ozobiç 42-ci dəqiqədə fərqlənib.
Fasilədən sonra da oyunu diqtə edən tərəf olan ağdamlılar daha iki dəfə rəqib qapısına yol tapıb. 56-cı dəqiqədə Kevin Medina, 74-cü dəqiqədə isə Kadi Borqes polşalıları məyus edib. Üç dəqiqə sonra Abbas Hüseynov 5-ci qolla darmadağını rəsmiləşdirib. Beləliklə, 5:1 hesabı ilə qalib gələn Azərbaycan çempionu II təsnifat mərhələsinə yüksəlib.
Qeyd edək ki, “Qarabağ” növbəti raundda İsveçrə çempionu “Sürix”lə görüşəcək. Komandalar iyulun 19-da Bakıda, 27-də İsveçrədə qarşılaşacaq.