“Qəbələ” Kiprə məğlub yollanır
Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulur. Təmsilçimiz “Qəbələ” “Omoniya”nı qəbul edib.
Görüş komandamızın üstünlüyü ilə başlayıb. 4-cü dəqiqədə Əyyub Allaş hesabı açıb. Qoldan sonra hücumlarını artıran qonaqlar ilk hissənin sonlarında Roman Bezusla oyuna tarazlıq gətirib. İkinci yarının startında Bezus dublunu rəsmiləşdirib. Lakin ruhdan düşməyən “qırmızı-qaralar” Əyyub Allaşla hesabı bərabərləşdirib. Matçın sonlarında baş hakim “Qəbələ”nin qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Burada da dəqiq olan Bezus het-trik müəllifi olub – 3:2.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 3-də Kiprdə keçiriləcək.