Qurban Qurbanov: “Onların bunu bacaracağına inanıram”

Qurban Qurbanov: “Onların bunu bacaracağına inanıram”

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçları çərçivəsində ”Qarabağ” “Ferensvaroş”u qəbul edəcək. Macarıstan təmsilçisi ilə oyundan öncə Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

Mütəxəssis rəqib barədə fikirlərini bölüşüb.: “Yaxşı komandaya qarşı oynayacağıq. Çox yaxşı, təcrübəli baş məşqçisi olan rəqibdir. Çerçesov Rusiyada ən öndə gedən simalardan biridir. Geniş karyerası var. Bu komandaya qarşı çox diqqətli olmalıyıq. Yaxşı müdafiə xətləri var. Rəqibi daha yaxından tanımağa çalışdıq. Sabah futbolçularımın üzərinə böyük yük düşəcək. Onların bunu bacaracağına inanıram”.

50 yaşlı mütəxəssis Rusiya mətbuatının oyunu Qurban Qurbanov – Stanislav Çerçesov dueli kimi qələmə verməsi barədə sualı da cavablandırıb: “Bu günlərdə mətbuatdan uzaq olmağa çalışdım. Çünki ilk günlərdə gördüm ki, həddən artıq çox fikir bildirilir. Amma buna normal baxıram. Hərtərəfli maraqlı qarşılaşmadır. Məndə heç bir həyəcan, təsir yoxdur. Əksinə, yaxşı komandalara, məşqçilərə qarşı oynamaq mənim üçün maraqlı olur. Təcrübəmi, potensialımı daha da artırmaq baxımından. Gələcək işim, düşüncələrim üçün də maraqlı görüş olacaq. Fərqli düşüncələri, oyun üslubu olan məşqçilərlə qarşılamaq maraqlıdır. Bu, gələcəkdə işimin yaxşılaşmasına səbəb olacaq”.

Qurbanov Premyer Liqanın I turundakı matçlarının təxirə salınmasını istəmədiklərini bildirib: “Assosiasiyadan maraqlandılar ki, 1-ci tur matçının təxirə salınması üçün müraciət etmək fikriniz varmı? Amma biz müraciət etmədik. Digər oyunçularımız var ki, onların da oyun təcrübəsinin yaxşılaşmasını istəyirik. İtkilərimiz var, amma futbol mübarizədir, belə bir oyundur. Çempionlar Liqasının yükü böyükdür, digər turnirlərdən daha çox enerji itirirsən, emosiyalarını saxlaya bilmirsən”.

Mütəxəssis “Ferensvaroş”un əvvəlki rəqiblər kimi güclü olmasına da toxunub: “Bizə hər mərhələdə ən yaxşısı düşür. Bu mərhələyə böyük üstünlüklə gəlib çıxıbsa, deməli, “Ferensvaroş” daha yaxşı formadadır. Ümumi çempionatları nəzərə ala bilərik. Liqaları bizimkindən üstündür. Amma bizim də təcrübəmiz var. Əlimizə düşən şansdan maksimum yararlanmaq istəyirik. Balanslı komandaya qarşı oynayacağıq. Hər mövqeyində keyfiyyətli futbolçular cəmləşib. Biz də bura kimi gəlmişiksə, deməli, istəyimiz bir o qədər az deyil”.

Qurbanov Çempionlar Liqasının bu mərhələsindən VAR-ın tətbiq olunacağı barədə fikirlərini bildirib: “Bizim üçün bir neçə detal varsa, ondan istifadə etməyə çalışırıq. Elə epizodlar var ki, bu sistem olmayanda o qədər də diqqət yetirilmir. Amma VAR olduqda heç nə gözdən qaçmır. Belə olan halda futbolçular da meydanda daha diqqətli olurlar. İstəməzdim ki, sabah kimsə bunun acısını çəksin. VAR sisteminin olmasına sevinirəm. İnanıram ki, sabah ədalətli qərarlar verəcəklər. Hətta bəzən VAR sisteminə əsasən verilən qərara da etiraz olur. İstəməzdim ki, hansısa epizod saxlanılsın, VAR-da müzakirə olunsun. Lakin bu da futbolda yeniliklərdən biridir”.

ETOPAZ

Əvvəlki yazı

“Neftçi”nin potensial rəqibi bilindi

Növbəti yazı

Muqurusadan imtina