“Mançester Siti”dən 8-ci çempionluq

“Mançester Siti”dən 8-ci çempionluq

İngiltərə Premyer Liqasında 2021/22 mövsümünün çempionu müəyyənləşib. Qızıl medalın sahibi son turda bəlli olub.

Mövsümü zirvədə bitirməyə namizədlər öz meydanında qüvvəsini sınayıb. “Mançester Siti” “Aston Villa”nı, “Liverpul” “Vulverhempton”u qəbul edib.

Hər iki görüşdə hesabı qonaqlar açıb. Mançesterlilər doğma meydanda 0:2 hesabı ilə də geri düşüb. Lakin “Liverpul”un sabiq futbolçusu Stiven Cerrardın baş məşqçisi olduğu “Aston Villa” bu üstünlüyü qoruya bilməyib. 76-cı dəqiqədə geridönüşə başlayan “şəhərlilər” İlkay Gündoğanın iki, Rodrinin bir qolu ilə 3:2 hesablı qələbə qazanıb. Bununla da xal hesabını 93-ə çatdıran Pep Qvardiolanın yetirmələri ardıcıl ikinci, ümumilikdə 8-ci dəfə İngiltərə çempionu adına yiyələnib.

“Liverpul” da hesabda geri düşdüyü matçda üç qol vuraraq qalib gəlib. 3:1 hesablı qələbədə Sadio Mane, Məhəmməd Salah və Endi Robertsonun qolları həlledici olub. Lakin xal aktivini 92-yə yüksəldən Yurgen Kloppun yetirmələri ikinci yerlə kifayətlənib.

ETOPAZ

Əvvəlki yazı

Sakkaridən yüksəliş, Şventek liderdir

Növbəti yazı

11 ildən sonra çempionluq