Laurentsiu Regekampf: “Bura qələbə üçün gəlmişik”

Laurentsiu Regekampf: “Bura qələbə üçün gəlmişik”

Sabah Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab matçları keçiriləcək. “Neftçi” Vyanada “Rapid”in qonağı olacaq.

Oyundan öncə “ağ-qaralar”ın çalışdırıcısı Laurentsiu Regekampfın mətbuat konfransı keçirilib. Mütəxəssis görüş barədə fikirlərini bölüşüb:

“Bilirik ki, bizi çətin oyun gözləyir. Çünki “Rapid” çox ciddi rəqibdir. Əminəm ki, onlar ilk oyundakından daha yaxşı hazırlaşacaq. Çünki evdə oynayırlar. Amma biz də hazırıq. Bura Bakıdakı hesabı qorumağa gəlməmişik. Rəqibə hörmətlə yanaşırıq, ancaq qələbə üçün gəlmişik. Bura vuruşmağa, futbol oynamağa gəlmişik. Gücümüzə inanırıq. Bunu etmək üçün kifayət qədər gücümüz var. Sabahkı oyunda qələbə qazanmağa köklənmişik. Mənim mesajlarım çox aydındır. “Rapid”lə Bakıdakı matçdan sonra da demişdim ki, pozitiv nəticə ilə qayıtmaq istəyirik. Bunun üçün vuruşmalı, fəal olmalıyıq. Bu, mən tərəfdən futbolçularıma olan mesajdır. “Rapid”in gücünün nədən ibarət olduğunu bilirik. Hücum xəttində çox güclü oyunçuları var, onlardan ehtiyatlanmalıyıq. Onlara çox boşluq və düşünməyə vaxt verməməliyik. Hətta qol buraxsaq belə, mübarizə aparmalı və cavab topunu vurmalıyıq.

“Şamaxı” ilə görüşdən sonra oyunçuları hazırlamağa çalışdıq. Görüşün son 15 dəqiqəsindəki səhvlərimizi analiz etdik. Bakıdakı görüşdə rəqibə özümüz şanslar verirdik, qapımız qarşısında təhlükəli vəziyyətlər yaratmağa. Əgər onlara düşünməyə vaxt versək, bizə problem yaradacaqlar. Bunun üzərində işləmişik. Əminəm ki, komandam bu matçda fiziki cəhətdən hazırlıqlı olacaq. Rəqib də bizi analiz edib. Bunu şahmat oyunu kimi düşünmək olar. Hər məşqçinin öz gedişatı, hazırlığı var. Hər bir məşqçi rəqibi analiz edir. Bu da normaldır. Biz də rəqibin zəif nöqtələrini oyunçulara göstərməyə çalışırıq. Ancaq günün sonunda biz də futbolçulardan asılı qalırıq. Rəqib haqda nə qədər məlumatımız varsa, futbolçulara vermişik. Amma sabah oyun başladıqdan sonra oyunçular meydanda öz işlərini görməlidir. Burada oturub 3 gün ərzində bütün mövzular haqda danışa bilərik. Masa üzərinə qoyduğumuz tapşırıqları oyunçular yerinə yetirməlidir. Sizə hər cür söz verə bilərəm. Gəlin sabahkı oyunu gözləyək. Biz güclü rəqibə qarşı oynayacağıq. Avstriyanın güclü komandalarından biridir. “Rapid” də növbəti mərhələyə vəsiqə üçün əlindən gələni edəcək. Növbəti mərhələyə adlasaq, hər cür söz verəcəm”.

ETOPAZ

Əvvəlki yazı

Pinamonti “Sassuolo”nun hədəfində

Növbəti yazı

Superkubokun sahibi “Real” oldu