Hidayət Heydərov Olimpiya ÇEMPİONUDUR!

Hidayət Heydərov Olimpiya ÇEMPİONUDUR!

Paris-2024 Yay Olimpiya Oyunlarında cüdo yarışları davam edir. Bu gün Azərbaycan millisinin daha bir cüdoçusu tatamiyə çıxıb.

Yığmamızın lideri Hidayət Heydərov 73 kq çəkidə mübarizə aparıb. Bu il dünya və Avropa çempionu olan idmançımız Fransa paytaxtında da bütün rəqiblərinə qalib gəlib. Qızıl “het-trik”ə imza atan cüdoçumuz bu çəkinin ən güclüsü olduğunu bir daha sübut edib. Dünya reytinqinin birincisi olan Hidayət Heydərov mübarizəyə 1/8 finaldan başlayıb. Onun rəqibi 1/16 finalın Tohar Bitbul (İsrail) – Reduan Masud Dris (Əlcəzair) cütündə müəyyənləşməli idi. Lakin afrikalı bu qarşılaşmaya çıxmaqdan imtina edib. Hidayət Olimpiadaya Bitbulla görüşlə start verib. O, rəqibini məğlub edərək, mərhələ adlayıb.

Heydərov 1/4 finalda Artur Marqelidon (Kanada) güləşib. Gərgin keçən qarşılaşma həmyerlimizin qələbəsi ilə bitib. İpponla qalib gələn Hidayət yarımfinalda Akil Qyakova (Kosovo) ilə üz-üzə gəlib. Cüdoçumuz bu dueli də aktivinə yazıb və finala vəsiqə əldə edib. O, çempionluq uğrunda fransalı Joan-Benjamin Qabanı sınağa çəkib və ipponla qələbə qazanıb. O, qızıl medal qazanmaqla Fransada Azərbaycan himnini səsləndirib.

Qeyd edək ki, Azərbaycan cüdo millisi Olimpiadaya 9 idmançı ilə yollanıb. Onlardan dördü yarışın ilk iki günündə çıxışını başa vurub.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 30.07.2024

Növbəti yazı

Pevtsovun yarışı təxirə salındı