Canni de Byazi: “Heyətin özəyini formalaşdırmağa çalışırıq”

Canni de Byazi: “Heyətin özəyini formalaşdırmağa çalışırıq”

Azərbaycan millisi sabah yoldaşlıq oyununda Malta ilə qarşılaşacaq. Oyun ərəfəsində millimizin baş məşqçisi Canni De Byazinin və yarımmüdafiəçisi Eddi İsrafilovun mətbuat konfransı keçirilib.

İtaliyalı mütəxəssis qarşılaşma və heyət barədə danışıb: “Mən ilk gündən demişəm ki, millinin qapısı hamının üzünə açıqdır. İyunda keçirəcəyimiz Millətlər Liqasının oyunlarında mübarizə aparacaq heyətin özəyini formalaşdırmağa çalışırıq. Çox güman, bu gün milliyə dəvət alanlar əksəriyyəti bizimlə birlikdə olacaq. Heyət məsələsinə gəlincə, əvvəlki toplanışlara Eddini dəvət edə bilmirdik. Bunun da əsas səbəbi COVID-19 pandemiyası və daha sonra klubsuz qalması idi. Bizim üçün vacib oyunçudur. Həm hava toplarında, həm də fiziki cəhətdən üstün cəhətləri var. Namik Ələskərovun yüngül zədəsi var və sabahkı oyunda çıxış edə bilməyəcək. Həkimlər Latviya ilə oyuna hazır etməyə çalışırlar. Keçən dəfə dediyim kimi, əvvəlki toplanışlarda əsasən gənclərə üstünlük verirdik. Ancaq zaman göstərdi ki, nəticə qazanmaq üçün komandaya təcrübəli futbolçular da lazımdır. Bu səbəbdən gənclərlə bərabər təcrübəli futbolçulara da dəvət göndərdik”.

Eddi isə yığmaya qayıdışına münasibət bildirib: “Sabah Malta ilə vacib oyunumuz var. Hamımız birlikdə mübarizə aparıb nəticə qazanmalıyıq. Milliyə qayıtdığım üçün xoşbəxtəm. Keçmişdə olanları unutmaq lazımdır. Əsas odur ki, yenidən buradayam.  Əlimdən gələni edəcəyim ki, komandanın uğurlarına töhfə verim. Özümü çox yaxşı hiss edirəm. Həm mental, həm fiziki cəhətdən yaxşı formadayam. Hər şey yüksək səviyyədədir”.

ETOPAZ

Əvvəlki yazı

“Barselona” “Ayaks”ın hücumçusuna “elçi düşdü”

Növbəti yazı

Türkiyə və İtaliya mundialdan kənarda qaldı