Canni de Byazi: “Göstərmək istəyirik ki, bizi udmaq asan deyil”

Canni de Byazi: “Göstərmək istəyirik ki, bizi udmaq asan deyil”

Azərbaycan millisi sabah DÇ-2022-nin seçmə mərhələsində son oyununu keçirəcək. Lüksemburqla ev matçı ərəfəsində yığmanın baş məşqçisi Canni de Byazinin mətbuat konfransı təşkil olunub. İtaliyalı mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb:

“Hamınızın bayramını təbrik edirəm. Zəfər Gününüz mübarək. Uşaqlar çox istəklidir. Göstərmək istəyirik ki, bizi udmaq, bizə qarşı oynamaq asan deyil. Bunu Portuqaliya və Serbiya ilə oyunlarda da göstərdik. Amma bunu sabah öz meydanımızda da göstərməliyik. Bu baxımdan bəxtim gətirib ki, dili yaxşı bilmirəm, saytları, medianı izləmirəm. Öz işimi maksimum dərəcədə yerinə yetirməyə çalışıram. Heç kim bizim qrupda 1-ci, 2-ci və 3-cü yeri tutacağımızı gözləmirdi. İllüziyalarla yaşamırıq”.

De Byazi heyətdəki futbolçuların durumuna da toxunub: “Cavan oyunçulara səbir və inkişaf üçün vaxt lazımdır. Mert Çelikin bir az problemləri var. Çalışacağıq bunu bərpa edək ki, qaydasında olsun. Start heyətində yer almayacaq. Cəlal Hüseynov isə gəncdir, keyfiyyəti var. Çalışacağıq ki, iki oyundan birində ona şans verək. Mahir Emreli üçün sabah vacib odur ki, sakit oyun göstərsin. O, ayaqla da, başla da qol vura bilir. Qol özü gələcək, şanslar olacaq. Lüksemburqla ilk görüşdə də şanslar olmuşdu. Qol barədə düşünməməlidir. Qol özü gələcək. Sabah bir az fərqli heyət görəcəyik. Bu bəhanə deyil. Amma bəzi oyunçularımız zədə səbəbindən sabah bizimlə olmayacaq. Lüksemburq yaxşı komandadır, 12 ildir eyni baş məşqçinin rəhbərliyi altında çıxış edir. Onların heyətində “Borussiya”nın oyunçusu var. Bizim isə cəmi 8 komandamız var. Proqram şəklində layihə hazırlamaq lazımdır. Yavaş-yavaş inkişaf etmək olar. AFFA mənim fikirlərimi təxminən bilir. Hansı oyunçularla oynadığımızı da bilir. Renat Dadaşov 12 ay yox idi, Bədavi Hüseynov uzun müddətdir zədəlidir. Cəmi 40 oyunçu var, onlar arasında seçim edirik. Gənc futbolçular çox olmalıdır. Gələcəkdə millimizdə daha keyfiyyətli oyunçular olması üçün gənclərə üstünlük vermək lazımdır. Həyatda heç nə bir günə həll olunmur. Bunun üçün vaxt lazımdır”.

ETOPAZ

Əvvəlki yazı

“Keşlə”nin adı “Şamaxı” olacaq

Növbəti yazı

“Vest Hem”in səhmlərinin 27 faizi satıldı