Braziliya çempionatında kütləvi dava
Braziliya çempionatının “Qremio” və “İnternasional” arasında oyunu qalmaqalla başa çatıb. Görüşdən sonra kütləvi dava düşüb.
Buna karton tabutlar səbəb olub. Belə ki, azarkeşlər üzərində “Qremio” yazılan bu fiqurları tribunalara gətirib. “İnternasional”ın 1:0 hesabı ilə qalib gəldiyi XXX turun matçı bitdikdən sonra qalib komandanın futbolçusu Patrik azarkeşlərdən iki tabut götürüb və meydanın mərkəzinə qaçıb. Bu hərəkət “Qremio” futbolçularının qəzəbinə səbəb olub. Nəticədə oyunçuların iştirakı ilə kütləvi dava düşüb. Patrik və “Qremio”nun müdafiəçisi Bruno Kortes qırmızı vərəqə alıb.
Görüşdən sonra “İnternasional” azarkeşləri “Qremio”nun B seriyasına mümkün yuvarlanmasına həsr olunan mahnı səsləndiriblər. Hazırda 30 oyuna 44 xal toplayan “İnternasional” 7-ci, 29 matçda 26 xal yığan “Qremio” 19-cu pillədədir.