“Ayntraxt”ın ikinci zəfəri: 42 ildən sonra
Avropa Liqasında 2021/22 mövsümünə yekun vurulub. Qitənin ikinci dərəcəli klub turnirinin final matçı İspaniyanın Sevilya şəhərində baş tutub.
“Ramon Sançes Pisxuan” stadionunda “Ayntraxt” və “Reyncers” üz-üzə gəlib. Qarşılaşmanın əsas və əlavə vaxtı qalibi müəyyənləşdirməyib.
120 dəqiqə ərzindəki hər iki top ikinci 45 dəqiqəyə təsadüf edib. Görüşdə ilk qolu Şotlandiya təmsilçisi vurub. Co Alibo 57-ci dəqiqədə hesabı açıb. Almaniya klubu 12 dəqiqə sonra bərabərlik qoluna sevinib. Frankfurtluların heyətində Rafael Santos Borre fərqlənib.
Finalın taleyini penaltilər seriyası həll edib. Aaron Remsinin zərbəsini qaytaran Kevin Trap “Ayntraxt”ın 5:4 hesablı qələbəsinə töhfəsini verib. Bununla da Frankfurt klubu tarixində ikinci dəfə avrokuboklarda qalib olub. Bundesliqa təmsilçisi ilk uğurunu 42 il əvvəl UEFA kubokunun 1979/80 mövsümündə yaşayıb.