Avropa Liqası tarixinin bombardirləri
Avropa Liqası tarixinin ən məhsuldar futbolçularının adları açıqlanıb. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 1955-ci ildən təşkil edilən turnirin (əvvəlki adı UEFA Kuboku) bombardirlərinin siyahısını dərc edib.
Həftəiçi keçirilən pley-off mərhələsinin ilk oyunlarından sonra sıralamada dəyişiklik olub. Dortmund “Borussiya”sı ilə səfər qarşılaşmasında “Reyncers”in 4:2 hesablı qələbəsinə 1 qolla töhfə verən Alfredo Morelos ümumi toplarının sayını 31-ə çatdırıb. Bununla kolumbiyalı forvard bombardirlər yarışında 3-cü pilləyə şərik olub. Onunla yanaşı, Valdo, Aritz Aduriz və həmyerlisi Radamel Falkao da 31 dəfə fərqlənib.
25 yaşlı forvard hazırda yalnız Henrik Larsson və Klaas-Yan Huntelardan geri qalır. İsveç futbolunun əfsanəsi 40 qolla turnir tarixinin ən məhsuldar oyunçusudursa, niderlandlı Hunteların aktivində 34 top var.