UEFA-nın baş katibi: “Qarabağ”ın feyr-pley jesti ondan da yaxşı idi”

UEFA-nın baş katibi: “Qarabağ”ın feyr-pley jesti ondan da yaxşı idi”

Konfrans Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi zamanı turnirin pley-offunda “Marsel”lə cavab oyununda “Qarabağ”ın qolunun ləğvi yada salınıb. Tədbirin rəhbəri olan UEFA-nın baş katibi Corco Marketti Bakıdakı qarşılaşmanın birinci hissəsində hücumçu İbrahima Vadjinin əllə vurduğu qolun ləğvinə görə Azərbaycan təmsilçisinə təşəkkürünü bildirib.

O, eyni zamanda “Qarabağ”ın mövsümü parlaq keçirdiyini də söyləyib: “Adətən fantastik qolları qeyd edirik, onların sevincini yaşayırıq. Amma indi başqa məsələyə diqqəti yönəltmək istərdim. Dünən “Qarabağ” klubu tərəfindən idman jesti gördük. Baş hakim “Marsel”in qapısına əllə vurulan qolu saysa da, “Qarabağ” jest edərək, bunun ləğvini istədi. “Qarabağ”a müraciət edərək demək istəyirəm ki, sizin bu turnirdəki performansınız əla idi. Amma feyr-pley jesti ondan da yaxşı idi”.

Qeyd edək ki, “Qarabağ”ın Tofiq Bəhramov adına Respublika Stadionunda “Marsel”ə 0:3 hesabı ilə uduzduğu görüşün ilk hissəsində İbrahima Vadji qonaqların qapısına əllə qol vurub. Hakimin kobud səhvi üzündən top hesaba alınıb. Lakin baş məşqçi Qurban Qurbanov hücumçu ilə söhbətləşdikdən sonra referiyə qolun əllə vurulduğunu deyib və nəticədə həmin top hesaba alınmayıb.

ETOPAZ

Əvvəlki yazı

Konfrans Liqasında 1/8 final cütləri

Növbəti yazı

“Statistikam ən yaxşı olduğumu deyir”