Rusiya komandaları təhlükədə
UEFA Rusiya millilərini və klublarını beynəlxalq turnirlərdən kənarlaşdıra bilər. Buna səbəb bəzi ölkə federasiyalarının ruslarla qarşılaşmaqdan imtina etməsidir.
Xüsusən də, Polşa Futbol Assosiasiyası DÇ-2022-nin pley-off mərhələsinin yarımfinal mərhələsində texniki məğlubiyyət bahasına da olsa, Rusiya yığması ilə görüşməkdən imtina edib. Bu fikri başqa bir neçə federasiya da dəstəkləyib. Çətin durumda qalan UEFA isə çıxış yolunu Rusiya komandalarını beynəlxalq yarışlardan kənarlaşdırmaqda görür.
Hazırda qitə futbol qurumunda bu məsələ müzakirə olunur. Artıq bu gün və ya sabah analoji qərarın təsdiqlənməsi istisna edilmir. UEFA belə qərar qəbul etsə, FIFA da məsələni müzakirəyə çıxaracaq. Rusiya millisi DÇ-2022-nin final mərhələsinə vəsiqə şansını qoruyursa, Moskva “Spartak”ı Avropa Liqasının 1/8 final mərhələsində “Leypsiq”lə qarşılaşmalıdır.