Qurban Qurbanov: “Futbolçularıma güvənirəm”

Qurban Qurbanov: “Futbolçularıma güvənirəm”

“Qarabağ” sabah Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” ilə görüşəcək. Çexiyadakı matç ərəfəsində Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

50 yaşlı mütəxəssis Plzendəki cavab oyunu barədə fikirlərini açıqlayıb: “Gəlib sona çıxmışıq. Hər bir klubun əvvəlcədən məqsədi yaxşı nəticə göstərərək, Çempionlar Liqasının qrupuna düşmək idi. Sabah Çempionlar Liqasının qrupuna düşmək şansımız var. Rəqib də eyni düşüncədədir. Şanslardan maksimum istifadə etməyə, yaxşı oyunla uğurlu nəticə əldə etməyə çalışacağıq. Möhkəm komandaya qarşı oynayırıq. Çox yaxşı mübarizə aparmağı xoşlayırlar. Çexiya klubunun da istəkli olduğu hiss olunur. Bunu Bakıda da gördük. Amma futbolçularıma güvənirəm. Sabah ən yaxşı oyunlarımızdan birini göstərməyə və uğurlu nəticə qazanmağa çalışacağıq”.

İlk oyunda istifadə olunmayan qol epizodlarından danışan Qurbanov heyətə də toxunub: “Bəli, şanslarımız oldu. Amma rəqibin də imkanları oldu, standart vəziyyətlərdən çox təhlükəli epizodlar yaratdılar. Xırda detallar üzərində danışmışıq, həmin epizodları futbolçulara göstərmişik. Sabah daha dəqiq oynamağa çalışacağıq. Eyni zamanda rəqibin hücumlarının qarşısını almaq üçün çox diqqətli olmalıyıq. Maksim və Kevin Medinadan başqa hər şey qaydasındadır, hamı sağlamdır, oyuna hazırlaşırlar. Sadəcə, iki mərkəz müdafiəçimiz olmayacaq. Digər oyunçuların hamısı hazırdır”.

Mütəxəssis rəqib barədə də fikirlərini açıqlayıb: “Həmkarımın açıqlaması ilə maraqlandım, belə fikir bildirib. Amma hər şeyə hazır olmalıyıq. Çünki “Viktoriya”nın çox yaxşı hücum potensialı var. Müdafiədə bizə qarşı çox diqqətli olacaqlar. Düşünsək ki, yalnız qapanacaqlar, yanlış olar. Ehtiyatlanmalı və buna hazır olmalıyıq. Rəqibin oyunçuları həm pressinq etməyi, həm topla oynamağı bacarır. Ancaq yenə də müdafiədə oynamağı düşünmürük. Əgər rəqib məcbur edərsə, buna əl ata bilərik. Məqsədimiz yenə öz oyunumuzdan əl çəkməmək, xüsusən də, hücumda daha fəal, aqressiv olmaqdır. Rəqibin isə çox təhlükəli, düşünülmüş əks-hücumları olur. Bunun hamısına hazır olmalıyıq. “Viktoriya”nın baş məşqçisi fikirlərində də bildirib ki, hələ düşünür, sabah da son məşqləri var. İki heyətləri var, hansı “11-lik”lə çıxış edəcəklər, bilinmir. Buna görə də sabahı gözləməliyik. Sonda qısa fikrimi də bildirmək istəyirəm. Bizi həm aeroportda, həm də oteldə bir neçə çexiyalı azarkeş qarşıladı, bütün futbolçularımızın və mənim avtoqrafımızı istədilər. O cümlədən mənim, köməkçilərimin futbol oynadığımız vaxtlardakı şəkilləri ilə maraqlandılar. Mənim üçün çox xoş oldu. Onlar əsl futbol azarkeşləridir. Buradan hər birinə təşəkkür edirəm. Sayları az olsa da, bizə böyük dəyər verdilər”.

ETOPAZ

Əvvəlki yazı

Abdullah Zubir: “Əlimizdən gələni edəcəyik”

Növbəti yazı

Məhəmməd Salah 8-ci pilləyə yüksəldi