Qurban Qurbanov: “Dünən də demişdim ki, riskə gedəcəyik”

Qurban Qurbanov: “Dünən də demişdim ki, riskə gedəcəyik”

Avropa Konfrans Liqasının “Qarabağ” – “Marsel” matçında (0:3) sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. 50 yaşlı mütəxəssis qarşılaşma barədə fikirlərini bildirib:

“Riskə getdiyimiz üçün böyükhesablı məğlubiyyəti əvvəlcədən hardasa gözləyirdim. Daha aqressiv, hücumameylli oyun qurmağa çalışırıq. Futbolçularımdan həddən artıq razı qaldım. Möhtəşəm oynadılar. Sadəcə, son 10 dəqiqədə hər şey məlum idi. Bir neçə dəyişikliklər etdim ki, digər oyunçular da bu ab-havanı hiss etsinlər. Saysız-hesabsız hücumlarımız oldu. Ustalıq səviyyəsi fərqlidir. Rəqib 3 qol epizodundan maksimum istifadə elədi. Azarkeşlərimizə təşəkkür edirəm, möhtəşəm atmosfer var idi. Belə böyük klubların Azərbaycana gəlməsi, onlara qarşı oynamağımız futbolumuz üçün böyük təkandır”.

Qurbanov avrokubok mövsümünü dəyərləndirib:

“Avrokubokların ilk oyunundan hər matçda riski göz önünə alırdım. Amma sona kimi qurduğumuz oyun sistemindən əl çəkmədim. Gələcəyi daha stabil etmək üçün mütləq bəzi anlarda nəyisə qurban verməlisən. Futbolçular bu il əvvəlki illərə nisbətən daha çox böyüdülər, çəkinmədilər. Bu, hamımıza böyük ümid verdi. Bugünkü oyunun hesabı aldadıcı ola bilər. Hesab 0:1 olsaydı, bəlkə tam fərqli fikir olardı. Nəyisə qurban verməliyik ki, sabahımız daha təminatlı olsun, bizə inam versin. Futbolçuların xarakterindən çox razı qaldım. Nə qədər çətin olsa da, biz daha çox yaradıcı olmaq istəyirik. Böyümək üçün yaradıcı futbolu təbliğ etmək çox önəmlidir. Torpaqlarımız qayıdınca bir az ehtiyatlanırdım. Amma indi mən də, futbolçularım da daha ürəklidir. Bu mövsüm futbolçularımda istədiyim hər şeyi gördüm”.

Çalışdırıcı futbolçuların oyunu haqda da danışıb:

“Deməzdim ki, zəif oynadıq. Bu cür rəqibi 80 dəqiqə öz meydanında saxlamaq asan deyildi. Onlar Fransada bir az fərqli oynayırdılar. Orada da 4-lü müdafiə ilə başlasalar da, sonradan 5 müdafiəçiyə keçdilər. Bu gün 5-li müdafiə ilə başladılar. Hiss olunurdu ki, ehtiyatlanırdılar. Rəqib müdafiə oluna-oluna bu qədər qol vəziyyəti yaratdığımız üçün futbolçularımdan razı qaldım. 0:2 hesabından sonra mənim üçün 3 və ya 4-cü qolu buraxmağın fərqi yox idi. Bəzi oyunçuların da bu atmosferi görməsini istədim. Burdakı imkanlar daha çox oldu, nəinki səfərdə. Hətta 0:2-dən sonra müdafiəyə də çəkilə bilərdik. Amma futbolçuları o psixologiyaya salmaq istəmədim. Dəyişikliklərdən sonra pressinqlərdə gecikmələr oldu. Nə cür hazırlaşmışdıqsa, o cür də oynadıq”.

O, Vadjinin əllə vurduğu qola ədalətli reaksiyası barədə düşüncələrini söyləyib:

“Yəqin ki, bundan sonra da çox müzakirə olunacaq. İstəmərəm ki, mən tərəfdən bu çox müzakirə olunsun. İnanmıram ki, azarkeşlər məndən küsər. Əsl azərbaycanlı kimi qərar vermək istədim. Futbolçunu yanıma çağırdım və soruşdum ki, top əlinə dəydi, yoxsa özün əllə oynadın. O da bildirdi ki, özüm əllə oynadım. Ədalətli qərar verməklə bağlı heç bir çətinliyim yoxdur. Sərbəst qərar verdim. Sırf ədalətli və əsl azərbaycanlı kimi qərar verdim.

Öz boynuma düşən vəzifəni həmişə layiqincə yerinə yetirməyə çalışıram. Atdığım bu addımı hamı gözləyirdi. Həmişə heç kimin haqqına girməməyə çalışmışıq. Bizə qarşı edilən ədalətsizliklərə qarşı cavab vermək barədə düşünmədim. Keçmişdə olanlar yaddan çıxır, sırf oyunda olan bir hərəkət idi. Nə etmək lazım idisə, o addıma da əl atdım”.


 

ETOPAZ

Əvvəlki yazı

Mahir Emreli növbəti oyununu keçirdi

Növbəti yazı

Avropa Liqasında həftənin ən yaxşısı adına namizədlər