Qurban Qurbanov: “Belə oyunda favorit yoxdur”

Qurban Qurbanov: “Belə oyunda favorit yoxdur”

“Qarabağ” sabah Çempionlar Liqasının 2022/23 mövsümündə mübarizəyə başlayacaq. I təsnifat mərhələsinin “Lex”lə Polşadakı ilk oyunu öncəsi Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutub.

50 yaşlı mütəxəssis görüş barədə fikirlərini açıqlayıb: “Sabah bizi çətin oyun gözləyir. İlk dəqiqələrdən diqqətli olmaq lazımdır. Bizim kimi, rəqibin də oyunçuları istəklidir. Ayrı-ayrılıqda yaxşı oyunçuları var. Yeni baş məşqçinin rəhbərliyi altında çıxış edəcəklər. Meydanda çox düşünməli olduğumuz oyun olacaq. Xüsusən də, ilk dəqiqələrdən yaxşı çıxış etməliyik. Yaxşı oyun sərgiləmək istəyirik. Rəqibin yaxşı azarkeşləri var”.

Qurbanov Avstriyadakı toplanışı da dəyərləndirib: “Çox vaxtımız olmadı. Buna baxmayaraq, komandanı oyuna hazırlaya bildik. Çalışdıq ki, matça kimi problemlərimiz az olsun. Futbolçuların hamısı sağlamdır, heç bir problemimiz yoxdur. Sadəcə, hazırlaşmağa vaxt azlığı oldu. Ümumi bir narazılığım yoxdur. İstər-istəməz tam hazır ola bilmərik. Ancaq təcrübəmizə güvənirik. İnanıram ki, cavab görüşünə daha hazırlıqlı olacağıq”.

Mütəxəssis bir neçə il əvvəl qarşılaşdıqları “Legiya” ilə “Lex”i müqayisə edib: “Legiya” ilə “Lex” fərqli komandalardır, fərqli futbol oynayırlar. Bundan əvvəl “Legiya”ya qalib gəlmişdik, hətta böyük fərqlə. Amma bizim üçün heç də asan olmamışdı. “Lex” meydanda fərqli hücumlardan istifadə etməyi bacarır. Mövqe olaraq yaxşı hücumlar qurur. Biz isə daha çox öz oyunumuz barədə düşünürük. Heç vaxt deməmişəm ki, hansısa oyunun favoritiyik. Komandamın ilboyu oynadığı futbola, nəticələrinə önəm vermişəm. “Lex” də ilboyu avrokubok səviyyəsində oyunlar göstərir. Polşa çempionatı digər liqalardan çox fərqlidir. Favorit deməzdim, sadəcə istəkli komandayıq. Belə oyunda favorit yoxdur. Futbolçularla, rəhbərliklə, azarkeşlərlə tam şəkildə köklənmişik. “Lex”ə hörmətlə yanaşıram. Onların iş prinsipi ilə maraqlanmışam. Onların oyunçuları barədə ayrı-ayrılıqda məlumat toplamışıq. Heç bir komandanı üstün və ya zəif saymıram. İnanıram ki, sabah iki yaxşı komanda mübarizə aparacaq”.

ETOPAZ

Əvvəlki yazı

Eriksen özünə klub tapdı

Növbəti yazı

“Milan” Katelar üçün təklifini etdi