“Qarabağ” tarix yazdı: Avropa Liqasının 1/8 finalında
Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib. Qurban Qurbanovun yetirmələri Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə cavab görüşünə çıxıb.
Portuqaliyada 4:2 hesablı səfər qələbəsi qazanan “Qarabağ” doğma azarkeşlər önündə də inamlı oynayıb. Lakin ikinci hissənin əvvəlində təmsilçimiz azlıqda qalıb. Bundan yararlanan qonaqlar iki qol vuraraq matçı əlavə vaxta daşıyıb – 0:2.
Mateus Silva bu qollardan birinin əvəzini çıxsa da, Portuqaliyalılar penaltidən fərqi yenidən iki topa çatdırıb. Son saniyələrdə Nəriman Axundzadənin vurduğu top cütün taleyini həll edib. Öz meydanında 2:3 hesabı ilə uduzan “Qarabağ” səfərdəki qələbə ilə 1/8 finala adlayıb.
Azərbaycan futbolu tarixində ilk dəfə klubumuz avrokubokların 1/8 finalına yüksəlib. “Qarabağ”ın növbəti rəqibi bu gün keçiriləcək püşkatmada bəlli olacaq.