“Qarabağ” 6 qolla yarımfinalda
Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab matçları start götürüb. İlk oyun günündə 1 görüş baş tutub.
“Keşlə” “ASK Arena”da “Qarabağ”ı qəbul edib. İlk oyunda 1:0 hesabı ilə qalib gələn ağdamlılar ikinci görüşdə “qırmızı-ağlar”a şans tanımayıb – 6:0.
Matçın taleyi ilk hissədə həll olunub. İbrahima Vadji 2, Ramil Şeydayevlə Patrik Andrade hərəyə bir dəfə fərqlənib.
Fasilədən sonra öncə Musa Qurbanlı, ardınca isə dublunu rəsmiləşdirən Ramil Şeydayev qol sevinci yaşayıb. Turnirin son qalibini darmadağınla məğlub edən “göy-ağlar”ın yarımfinaldaki rəqibi “Qəbələ” – “Sumqayıt” oyununda müəyyənləşəcək.
Qeyd edək ki, 1/4 final mərhələsinin son oyunları fevralın 12-13-ü keçiriləcək.