“Neftçi” zirvədə, “Keşlə”dən ilk qələbə

“Neftçi” zirvədə, “Keşlə”dən ilk qələbə

Azərbaycan Premyer Liqasında VI tur davam edir. Bu gün turun daha iki oyunu keçirilib.

Günün ilk matçında autsayderlər üz-üzə gəlib. Qələbə qazanmayan “Keşlə” və “Sabah”ın qarşılaşmasında qəsəbə təmsilçisi qalib gəlib.

Bu oyunda Merab Qiqauri 3-cü dəqiqədə erkən qola sevinib. Felipe Santos isə 90+5-ci dəqiqədə qonaqları məyus edib.

İlk qələbəsini qazanan “Keşlə” xal hesabını 4-ə çatdıraraq son pilləni “Sabah”a verib. Autsayderin cəmi 1 xalı var.

Günə son çempion “Neftçi” ilə “Səbail” arasında görüşlə yekun vurulub. Meydan sahibi olan sonuncular rəqibinə ciddi müqavimət göstərə bilməyib.

Oyunda hesabı Yusuf Laval açıb. O, 26-cı dəqiqədə fərqlənib. 45+1-ci dəqiqədə fərqi artıran Tiaqo Bezerra 78-ci dəqiqədə daha bir qola imza atıb. Braziliyalı “Neftçi”dəki qol hesabını dublla açıb. Meydan sahibləri yalnız 90+5-ci dəqiqədə Nikolas Rayselin qolu sayəsində böyükhesablı məğlubiyyətdən qaçıb.

3:1 hesablı qələbə qazanan “Neftçi” aktivini 13 xala çatdırmaqla turnir cədvəlində liderliyə yüksəlib. “Səbail” 6 xalla 6-cı pillədə qalıb.

Xatırladaq ki, dünən “Zirə” “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib. Sabah keçiriləcək turun son görüşündə “Qarabağ” “Qəbələ” ilə görüşəcək.

ETOPAZ

Əvvəlki yazı

Son iki ildə ilk dəfə

Növbəti yazı

Günün kuponu – 03.10.2021