Millimizdən ardıcıl ikinci qələbə
UEFA Millətlər Liqasında 5-ci turun oyunları keçirilir. Azərbaycan yığması da növbəti görüşünə çıxıb.
Millimiz Trnavada Slovakiyanın qonağı olub. Baş məşqçi Canni De Byazi heyətdə çoxsaylı dəyişikliklərə yer verib. Matça futbolçularımız üstün başlayıb. Bu üstünlük hissənin sonlarında hesaba da yansıyıb. Renat Dadaşov Ozan Can Kökçünün ötürməsini dəqiq zərbə ilə tamamlayıb – 1:0. İkinci yarıda isə komandamız müdafiəyə meylli oynayıb. Oyuna əlavə edilən 5 dəqiqə isə daha dramatik keçib. Belə ki, 3-cü uzatma dəqiqəsində rəqib 11 metrlik cərimə zərbəsi qazanıb və bunu dəqiq yerinə yetirib – 1:1. Qoldan sonra matçdan qopmayan futbolçularımız əlavə olunan 5-ci dəqiqədə qələbə topunu vurmağı bacarıb. Höccət Haqverdi görüşdə son nöqtəni qoyub – 2:1.
Bununla da millimiz ardıcıl ikinci qələbəsini qazanıb. Belarusdan (2:0) sonra Slovakiyanı da məğlub etməyi bacaran komandamız qrupda ikinci pilləyə yüksəlib və C Liqasında qalmağı təmin edib.