“Liverpul”dan Milnerə yeni müqavilə, Salahın klubdakı gələcəyi sual altındadır
“Liverpul” futbolçusu Ceyms Milnerə yeni müqavilə təklif edib. Məhəmməd Salahın klubdakı gələcəyi isə şübhə altındadır.
Mersisaydlılar baş məşqçi Yurgen Kloppun istəyi ilə 36 yaşlı yarımmüdafiəçiyə daha bir il müqavilə təklif edib. Milner yaxın günlərdə klubla yeni müqavilə imzalayacaq.
Məhəmməd Salahın gələcəyi isə qeyri-müəyyəndir. O, hələ ki, “Liverpul”a yeni müqavilə imzalamaq istədiyini bildirməyib. 29 yaşlı vingerin klubla hazırkı müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.
Bu mövsüm Milner “Liverpul”un heyətində bütün turnirlərdə 35 oyunda meydana çıxıb və 3 məhsuldar ötürmə verib. Salah isə 45 oyunda 30 qol vurub və 14 assist edib.