“Lion” – “Marsel” oyunu 2-ci dəqiqədə dayandırıldı
Fransa Liqa1-in XIV turunun “Lion” – “Marsel” oyunu yarımçıq dayandırılıb. Buna yerli azarkeşlərinin qonaqların futbolçularına oynamağa imkanı verməmələri səbəb olub.
Görüşün 2-ci dəqiqəsində hesab 0:0 ikən “Marsel” künc zərbəsi yerinə yetirdiyi vaxt xoşagəlməz hadisə yaşanıb. Tribunadan atılan kənar əşyalardan biri yarımmüdafiəçi Dimitri Payetin başına tuş gəlib. Baş hakim Rüddi Büke komandaları meydandan çıxarmağa məcbur olub. Sonradan “Lion” futbolçuları isinmə hərəkətləri üçün meydana çıxsalar da, qarşılaşma bərpa edilməyib.