İlin ən uzun qol seriyası
İFFHS 2021-ci ilin ən uzun qol seriyalarını açıqlayıb. İl ərzində ardıcıl ən çox oyunda fərqlənən futbolçuların siyahısına “Bavariya”nın hücumçusu Robert Levandovski başçılıq edir.
İlin ən yaxşı hücumçusu seçilən polşalı 15 fevral – 22 may tarixləri aralığında ardıcıl 14 matçda ümumilikdə 22 dəfə fərqlənib. Bunun 12-si “Bavariya”nın, 2-si isə Polşa yığmasının oyununa təsadüf edib. Uğurlu seriya iyunun 1-də Polşa millisinin Rusiya (1:1) ilə yoldaşlıq görüşündə pozulub.
Levandovskini danimarkalı Kasper Yunker izləyir. 12 oyundan ibarət ikinci ən uzun seriyaya malik Yunker bunun 9-nu “Bode-Qlimt”də, 3-nü isə sonradan transfer olunduğu “Urava Reds”də vurub
“Üçlüy”ü isə Nemanya Bilbiya qapayıb. “Jrinski”nin bosniya və herseqovinalı oyunçusu ardıcıl son 10 matçda rəqib qapılarına yol tapıb. O, seriyası 2022-ci ildə də davam etdirə bilər.