Həftənin oyunçuları müəyyənləşdi
Avrokubokların qrup mərhələsinin IV turundan sonra Avropa Liqası və Konfrans Liqasında həftənin oyunçusu mükafatının qalibləri bəlli olub. Avropa Liqasında həftənin ən yaxşısı “Bayer”in futbolçusu Mussa Diabi seçilib. O, “Betis”ə 4:0 hesabı ilə qalib gəldikləri matçda 2 qol vurub, 2 qolun ötürməsini verib. Diabi azarkeşlər arasında səsvermədə “Vest Hem”dən Said Benrahma, “Lion”dan İslam Slimani, “Braqa”dan Rikardo Hortanı qabaqlayıb.
Konfrans Liqasında mükafata Avstriyanın LASK klubunun futbolçusu Keyto Nakamura layiq görülüb. Yaponiyalı hücumameylli yarımmüdafiəçi Ermənistan “Alaşkert”inə 2:0 hesabı ilə qalib gəldikləri matçda dubl müəllifi olub. O, səsvermədə “Qarabağ”dan Abdullah Zubiri, Slovakiyanın “Slovan” klubundan Andre Qrini, və Norveçin “Bude Qlimt” komandasından Ola Solbakkeni qabaqlayıb.