Felipe Reyes Avroliqanın əfsanəsi seçildi
Madrid “Real”ının sabiq basketbolçusu Felipe Reyes Avroliqanın əfsanəsi seçilib. Oyunçunun mükafatlandırılma mərasimi fevralın 11-də “Barselona” ilə matçdan əvvəl keçiriləcək.
O, ötən yay 41 yaşında karyerasını bitirib. Hücumçu ümumilikdə 23, Madrid klubunda 17 mövsüm oynayıb və 23 kubok qazanıb.
Reyes oynamağı bitirdiyi zaman Avroliqa tarixində hücum ribaundlarında lider (705), çıxdığı görüşlərin sayında (357) isə üçüncü olub. O, həmçinin iki dəfə Avroliqanın çempionu (2015, 2018) olub.
Qeyd edək ki, Felipe bu ada layiq görülən 7-ci oyunçu olub. Ona qədər Şarunas Yasikevisius, Xuan Karlos Navarro, Ramunas Siskauskas, Teodoros Papalukas, Mirsad Türkcan, Dimitris Diamantidis Avroliqanın əfsanəsi kimi tanınıb.