Cüdoçumuz dünya çempionu oldu
BƏƏ-nin paytaxtı Abu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatı davam edir. Bu gün fərdi yarışlara yekun vurulub.
Mundialın 5-ci günündə Azərbaycan cüdoçusu Zelim Kotsoyev dünya çempionu tituluna yiyələnib. Bununla da Azərbaycan millisi tarixi uğura imza ataraq, ilk dəfə mundialı 2 qızıl medalla bitirib.
Zelim Kotsoyev mübarizəyə ikinci mərhələdən başlayıb. O, ilk görüşündə Yunq-Hun Vonqu (Cənubi Koreya) məğlub edib. Kotsoyev 1/8 finalda israilli Peter Palçiklə güləşib və uğurlu seriyanı davam etdirib. Cüdoçumuz 1/4 finalda Nikoloz Şerazadişvilidən (İspaniya) də güclü olaraq yarımfinala yüksəlib. Zelim finala gedən yolda portuqaliyalı Jorj Fonseka üzərində də qələbə qazanıb. O, həlledici görüşdə Şadi Elnahasla qüvvəsini sınayıb və görüşdən qalib ayrılıb. O, bununla da BƏƏ-də Azərbaycan himnini səsləndirib.
Qeyd edək ki, Azərbaycan yığması çempionatın əvvəlki dörd günündə 1 qızıl medal qazanıb. Hidayət Heydərov 73 kq çəkidə bütün rəqiblərini üstələyib.