Canni de Byazi: “Yaxşı nəticəyə layiq idik”

Canni de Byazi: “Yaxşı nəticəyə layiq idik”

Azərbaycan millisi Qətərlə yoldaşlıq oyunu keçirib. 2:2 hesabı ilə başa çatan qarşılaşmadan sonra yığmamızın baş məşqçisi Canni de Byazinin mətbuat konfransı baş tutub. İtaliyalı mütəxəssis görüş barədə fikirlərini açıqlayıb:

“Bu gün də qələbə qazana bilmədik. Yaxşı oyun göstərdik. Əsasən də ilk qolu buraxandan sonra yaxşı çıxış etdik. İkinci hissəyə də uğurlu başladıq, qol imkanlarımız oldu. Bundan da yaxşı nəticəyə layiq idik. Asan imkanları dəyərləndirə bilmiriksə, udmaq çətin olur. Ümumilikdə oyundan razıyam. Bundan da artıq inkişaf etmək imkanımız var. Oyun çox da önəmli deyildi. Nəzərə alaq ki, yoldaşlıq görüşü idi, xal vermirdi. Amma komandamız üçün yaxşı test idi. Təəssüf ki, ilk səhvimiz baha başa gəldi. Əvəzində uğurlu reaksiya göstərdik, önə keçdik. Hətta 2:2 hesabında da şansımız oldu, uda bilərdik. Bəzən belə olur, qara illər”.

De Byazi başa çatan müqaviləsi barədə də fikirlərini bildirib: “Adətən hər şeyin sonuna kimi çatmağa öyrəşmişəm. İdeyalarım var, nə etmək istədiyimi bilirəm. AFFA qərar verəcək, nə baş verəcəyini bilmirəm. Mən olsam da, olmasam da sistemli şəkildə iş davam etməlidir. İtaliya bunu etmişdi, uğurlu olmuşdu. Azarkeşlərə ilk növbədə sözüm odur ki, onları müsbət nəticələrlə sevindirə bilmədik, heyfsilənirəm. Onların məyusluğunu başa düşürəm. Bundan artığına layiqdirlər. Amma komandanın bazası var. Bu gün Cəlal Hüseynov yığmada debüt etdi, gələcəkdə bizə yaxşı kömək edəcək. Bəhlul Mustafazadənin gələcəyi var. Qara Qarayev bu gün yaxşı oynadı, Emin Mahmudov fantastik səviyyədədir. İlk hissədə hücumdan razı qalmadım, ona görə fasilədən sonra dəyişikliklər etdim. Ramil Şeydayev, Mahir Emreli, Renat Dadaşov, Rüstəm Əhmədzadə kimi gənclərimiz var. Komandanın yaşlıları gənclərə dəstək olmalıdır, kömək etməlidirlər. Oyundan sonra uşaqlara təşəkkürümü bildirdim. Emin Portuqaliyada oynayıb. İtaliyada da rahat oynaya bilər. Dünən avtomobildə onunla bu barədə danışırdıq. Ola bilər ki, gənc yaşda hazır deyildi, bugünkü kimi güclü deyildi. Amma hamıdan çox qaçır, yüksək keyfiyyət göstərir. Maksim Medvedevi də qeyd etmək istərdim. Hər zaman komanda üçün ürəyini ortaya qoyur”.

İtaliyalı çalışdırıcı 2021-ci ilin ən yaxşı futbolçusunu da açıqlayıb: “2021-ci ilin ilk hissəsində Mahir “Qarabağ”ın qolçusu idi. Millidə bizimlə 14 oyun keçirdi, qol vurmadı. Hücumçunun əsas işi qol vurmaqdır. Bilmirəm, bəlkə Polşada bəxti gətirir, qol vurur. Bu gün də çox istəkli idi. Çox istəyi bəlkə də alınmamasına səbəb olur. Mənə görə, ilin ən yaxşısı Emin Mahmudovdur. Uzun fasilədən sonra “Neftçi” ilə çempion oldular. Mənim ilk vaxtlarımda da millidə oynamırdı. Onunla görüşümdən sonra hər şey dəyişdi. Onun yanaşması çox xoşuma gəldi”.

Mütəxəssis yığmada bu oyunadək yaşadığı ardıcıl məğlubiyyətlərə də münasibət bildirib: “Uduzmaqdan zəhləm gedir. Lüksemburqla ağır oyundan sonra futbolçular bugünkü matça fərqli yanaşa bilərdilər. Qətər FİFA reytinqində 46-cı pillədə qərarlaşır. 10 ildir bir yerdə oynayırlar. Çoxlu milliləşdirilmiş yaxşı oyunçuları var. Ən azı 3 real qol imkanını qaçırdıq. 2 lazımsız qol buraxdıq. Yaxşı ki, 2 qol vurduq, bu məni sakitləşdirir. Ümumilikdə uduzmağa öyrəşməmişəm, buna görə çox əsəbiyəm. Suallara münasibətə gəlincə, siz və sizin kimi gözəl həmkarlar var, bu məni sakitləşdirir. Çox vaxt asan olmur. Amma biləndə ki, əlindən gələni etmisən, sakit olursan. Məşqçi kimi futbolda 30 illik təcrübəm var. Adi bir epizod hər şeyi dəyişə bilər. Xırda detallar hər şeyi həll edə bilər. Əsas odur ki, uşaqlar gördüyümüz işə inanırlar. Əsas odur ki, baza var. Mən olsam da, olmasam da, Azərbaycan irəli”.

ETOPAZ

Əvvəlki yazı

Şimali Makedoniya pley-offda

Növbəti yazı

Daha iki yığma mundialda