Canni de Byazi: “Bundan artığını edə bilməzdik”

Canni de Byazi: “Bundan artığını edə bilməzdik”

DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqla qarşılaşan Azərbaycan millisi 1:3 hesabı ilə uduzub. Görüşdən sonra yığmanın baş məşqçisi Canni de Byazinin mətbuat konfransı keçirilib. İtaliyalı mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb:

“Buraxdığımız ilk qolda rəqibə assist etdik. İkinci topda balans itdi. Özümə sual verərdim ki, 70 dəqiqə 10 nəfərlə oynamısınız, özünü necə hiss edirsən? Cavab o olardı ki, çox pis hiss edirəm. Üçüncü qola kimi meydanda bərabər şəkildə mübarizə apardıq. 1:2 hesabından sonra oyuna qayıtdıq, Emin Mahmudov və Rüstəm Əhmədzadənin ifasında iki yaxşı qol imkanımız oldu. Düşünürəm ki, bundan artığını edə bilməzdik. Özümə bir sual da vermək istərdim. Soruşardım ki, Konfrans Liqasında qol vuran Toral Bayramov və Abbas Hüseynov yoxdur, özünü necə hiss edirsən? Onlar komandanın gələcəyi olan iki aparıcı oyunçudur. Uğur üçün vaxt tələb olunur. Böyük uğura nail olmaq üçün proqramlı şəkildə işləmək lazımdır. Özümə bir sual da verə bilərəm. Amma sizin işinizi əlinizdən ala bilərəm”.

Mütəxəssis yığmadakı fəaliyyətini də dəyərləndirib və gələcəyi barədə danışıb: “Mənim rəhbərliyim altında 19 oyun keçirmişik. Düşünmürəm ki, bu azdır və ya çoxdur. Qrupda bizdən güclülər çox idi. Hətta bu gün qarşılaşdığımız Lüksemburq da bizdən güclüdür. İrlandiya ilə oyunda qələbəni son anda əldən vermişdik. Millini çalışdırmaq uzun və çətin işdir. Əminəm ki, 100 yox, 101 faiz gücümü ortaya qoydum. Ola bilər biliyim azdır, bilmirəm. Komandanın inkişafı üçün əlimdən gələn hər şeyi etdim. Uşaqlara həmişə deyirəm ki, qələbə ilə məğlubiyyət arasında fərq çox azdır. Xırda detallar hər şeyi həll edir. Uzun müddət bir yerdə işləməyə çox imkanımız da olmur. Biri var oyuna azarkeş, jurnalist kimi baxmaq, biri də var məşqçi kimi. Bunlar fərqli şeylərdir. Bu gün fərqli baxıb, oyunu təhlil etdikdən sonra görə bilərsiniz ki, komandada inkişaf var. Son oyunlarda öz meydanımızda 3 qol buraxdıq. Bu, heç də xoş hal deyil. Amma real yanaşanda inkişaf görünür. Özümüz müdafiədə hədiyyə etdik. Bunlar da nəticəyə təsir edir. Belə bir matçdan sonra müqavilə barədə danışmağın mənası yoxdur. Noyabrın 30-na kimi müqaviləm var. Menecerimlə söhbət olacaq, axırda AFFA rəhbərliyi qərarını verəcək”.

De Byazi Tellur Mütəllimovun qırmızı vərəqə almasına da toxunub: “Telluru görməmişəm, onunla bağlı bu barədə danışmamışam. Hakimdən razı qalmadım, bizə absurd sarı vərəqələr verdi. Tellurun epizodunda qırmızı vərəqə var idi. Amma rəqibin kobudluqları zamanı sarı vərəqə vermirdi. Taktiki baxımdan yaxşı oyun keçirdiyimizi fikirləşirəm. Mənə maraqlıdır, 11-11-ə qalsaydıq, nəticə necə olardı? Çünki oyunçular çox yaxşı motivasiya olunmuşdular. Ölkədəki bayram ab-havasını davam etdirmək istəyirdik. Amma 10 nəfərlə qaldıqdan sonra oynamaq çətin idi”. 

ETOPAZ

Əvvəlki yazı

Son oyunda məğlubiyyət

Növbəti yazı

Feliksdən 100-cü qələbə