“Çalışacağıq ki, qarşıdakı oyunlarda uğurlu nəticələr əldə edək”

“Çalışacağıq ki, qarşıdakı oyunlarda uğurlu nəticələr əldə edək”

Azərbaycan millisinin müvəqqəti baş məşqçisi Arif Əsədov AFFA-nın saytına açıqlama verib. O, yığmanın Monqolustan və Bolqarıstanla matçlar üçün heyətini şərh edib:

“Anton Krivotsyuk və Mahir Emrelinin heyətdə olmaması zədə ilə bağlıdır. Hər iki futbolçumuzla danışmışam, zədələri var. Həkimlə də məsləhətləşdik və qərara aldıq ki, zədələrini sağaltsınlar və onları növbəti təlim-məşq toplanışlarına çağıraq. Yeni simalara gəlincə, Ukraynada çıxış edən Emil Mustafayev, Türkiyədə oynayan, çoxdandır milliyə çağırılmayan Vüsal İsgəndərli və “Neftçi”nin qapıçısı Rza Cəfərovu dəvət etdik. Yoldaşlıq oyunları olduğu üçün onları cəlb etdik ki, baxaq. Adətən, bu cür yoldaşlıq oyunlarında yeni futbolçular yoxlanılır. Qərara aldıq ki, üç gənc oyunçu  – Emil Səfərov, Nəriman Axundzadə və Cəlal Hüseynov 21 yaşlılardan ibarət milli komandamızın düşərgəsinə getsinlər. U-21-i qarşıda rəsmi oyunlar gözləyir, ona görə də komandanın baş məşqçisi Samir Əliyevlə danışdıq ki, bu futbolçular İngiltərə və Ukrayna ilə görüşlərdə gənclər yığmasına kömək etsinlər.  Yoldaşlıq oyunlarında nəticə elə də ciddi önəm kəsb etməsə də, biz hər matça qələbə üçün çıxırıq. Qarşımıza qoyulan məqsədlərdən biri də odur ki, hər iki oyunda qələbə qazanaraq, komandanın əhval-ruhiyyəsini daha da yüksəldək. Çalışacağıq ki, qarşıdakı oyunlarda uğurlu nəticələr əldə edək”. 

ETOPAZ

Əvvəlki yazı

“Neftçi” 3 xalı 3 qolla qazandı

Növbəti yazı

Lukakuya yeni müştəri