Bekhemin rekordu qırıldı
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Atletiko”nun qonağı olan “Mançester Yunayted” səfərdə 1:1 hesablı heç-heçə edib. “Qırmızı şeytanlar”ı məğlubiyyətdən xilas edən qolun məhsuldar ötürməsini yarımmüdafiəçi Bruno Fernandeş verib.
Entoni Elanqanın qolunun assistini edən portuqaliyalı turnir tarixində İngiltərə klubunun heyətində ardıcıl 6 matçda məhsuldar ötürmə verən ilk futbolçu olub. O, 1998-ci ildə ÇL-də “mankunianlar”ın heyətində ardıcıl 5 görüşdə bunu bacaran Devid Bekhemin rekordunu yeniləyib.
Qeyd edək ki, “Mançester Yunayted”lə “Atletiko” arasında cavab oyunu martın 15-də keçiriləcək.