Azərbaycan güləşçisi dünya çempionu oldu
Azərbaycan güləşçisi Rafiq Hüseynov dünya çempionu olub. Yunan-Roma güləşçimiz Norveçin paytaxtı Osloda təşkil olunan yarışda fərqlənib.
82 kq çəkidə çıxış edən pəhləvanımız 1/16 finalda Ranet Kaljolanı (Estoniya) 9:0, 1/8 finalda Kalidin Asikayevi (Qırğızıstan) 11:1 hesabı ilə məğlub edib. İsveçli dünya ikincisi və Avropa üçüncüsü Aleks Kessidislə görüş dramatik alınıb. Rafiq ilk hissəni 0:6 hesabıyla başa vurub.
İkinci yarıda əsl əzmkarlıq nümayiş etdirən Hüseynov güclü rəqibinə minimal fərqlə qalib gələrək (7:6) yarımfinala vəsiqə qazanıb. Finalın bir addımlığında Rusiya pəhləvan Adlan Akiyevlə gərgin keçən görüşdən də üzüağ çıxan Rafiq 2:1 hesablı qələbə qazanıb.
Bununla da Hüseynov ardıcıl 2-ci dəfə dünya çempionatının finalına yüksəlib. Həlledici görüşdə Türkiyə güləşçisi Burhan Akbudaka 2:1 hesabı ilə qalib gələn həmyerlimiz dünya çempionu olub.