Arif Əsədov: “Heyətlə bağlı bəzi problemlər var”
Sabah millimiz növbəti yoxlama matçını keçirəcək. Yığmamız Qazaxıstanla qarşılaşacaq.
Oyundan öncə komandamızın çalışdırıcısı Arif Əsədovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:
“Albaniya ilə oyundan sonra Qazaxıstanla görüşə hazırlaşmaq üçün çox vaxımız olmadı. Daha çox futbolçuların fiziki və psixoloji durumlarını yaxşılaşdırmağa çalışdıq. Bu gündən etibarən sabahkı görüşdə hansı taktika ilə çıxış edəcəyimiz üzərində işləyəcəyik. Heyətlə bağlı bəzi problemlər var. Coşqun Diniyev və Bəhlul Mustafazadə zədələnmişdilər. Onlarla bağlı qərarı bugünkü məşqdən sonra verəcəyik. Heyətdə və oyun üslubunda dəyişikliklər ola bilər. Dominant oynamağa, hücumda çıxış etməyə, rəqibi meydanın onlara aid hissəsində qarşılamağa çalışacağıq. Qazaxıstan komandası ilə əvvəllər də qarşılaşmışıq. Oyun sistemləri, demək olar ki, eynidir. Qarşıda seçmə matçlar olacaq. Həmin vaxta qədər heyətin formalaşması istiqamətində işlər görürük”.