24-cü zədədən daha 12 oyun buraxacaq
“Real”ın futbolçusu Qaret Beyl zədə üzündən iki ay meydanlardan kənar qalacaq. Uelsli futbolçunun bərpa prosesi yalnız noyabrda başa çatacaq.
İspaniya La Liqasının “Selta” ilə oyunundan (5:2) əvvəl məşq zamanı əzələsindən xəsarət alan Beylin oktyabrda hazır olacağı gözlənilirdi. Lakin problemi daha ciddi olan uelsli iki aydan tez meydana dönməyəcək.
“Selta” və Çempionlar Liqasının “İnter”lə (1:0) oyunlarını buraxan Qaret daha 12 matçda iştirak edə bilməyəcək. O, çempionatda “Valensiya”, “Malyorka”, “Vilyarreal”, “Espanyol”, “Atletik”, “Barselona”, “Osasuna”, “Elçe” və “Rayo Valyekano”, avrokuboklarda “Şerif” və iki dəfə “Şaxtyor”a qarşı oynamayacaq.
Xatırladaq ki, bu, Beylin “Real”a keçidindən sonra 24-cü zədəsidir.