Qurban Qurbanov: “Bura böyük inamla gəlmişik”

Qurban Qurbanov: “Bura böyük inamla gəlmişik”

Sabah Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Azərbaycan çempionu “Qarabağ” Macarıstanda “Ferensvaroş”la görüşəcək.

Qarşılaşmadan bir gün öncə baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. 50 yaşlı mütəxəssis matç barədə fikirlərini bildirib:

“Çox gözəl şəhərə gəlmişik, həmçinin əla stadion gördüm. Belə bir stadionda qalır yaxşı oyun göstərmək. Hər iki komandanın istəyi çoxdur. Biz də bura böyük istək, inamla gəlmişik. “Ferensvaroş” yaxşı təşkilatlanmış komandadır, bacarıqlı oyunçuları var. Mən də futbolçularıma güvənirəm, sabah ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq. Sona qədər mübarizə aparacağıq”.

Qurbanov rəqib barədə fikirlərini də bölüşüb: “Əvvəlki illərə nisbətən, bu mövsüm ilk mərhələdən ciddi rəqiblər düşdü. “Lex” və “Sürix” güclü rəqib idi. Əgər III raunda keçibsə, deməli, “Ferensvaroş” çox layiqli rəqibdir. Onların hər xəttində sıradan bir oyunçu yoxdur. Düzgün oyun quruculuları, usta futbolçuları var. Baş məşqçilərinin də yaxşı oyun sistemi var. Ola bilər ki, “Ferensvaroş” digərlərindən güclüdür. Amma dəfələrlə özümüzdən güclülərə qarşı vuruşmuşuq, qalib gəlməyə çalışmışıq. Belə komanalara qarşı oynamaq bizim üçün xoşdur. Sabah da layiqli mübarizə aparmağa çalışacağıq. Hər bir oyun bizim üçün futbol döyüşüdür. Meydanda vuruşmasaq, istədiyimiz nəticələri əldə edə bilmərik. “Ferensvaroş”un prezidenti isə etiraf edib ki, azərbaycanlı deyiləm. Azərbaycanlı və ya macar olmağının fərqi yoxdur, biz sabah rəqiblə layiqli mübarizə aparmaq istəyirik”.

Mütəxəssis böyükhesablı nəticənin gözlənilməz olduğunu qeyd edib: “Belə matçlarda böyük hesab nadir hallarda olur. Bura Çempionlar Liqasıdır, burada çox diqqətli olmalıyıq. Son vaxtlar elə üslubda oynayırıq ki, böyük hesabla qalib gələ də bilərik, məğlub ola da. Meydanda səhvlərə yol verməməyə çalışmalıyıq. Böyükhesablı qələbə barədə düşünmürük. Çox istərdim ki, Bakıdakı oyundan daha yaxşı oynayaq. Qalib gəlmək üçün sanki buna ehtiyacımız var. Ümumiyyətlə, ilk oyunda rəqibi daha yaxından tanıyırsan. “Ferensvaroş”un baş məşqçisi də bu fikirdədir. Təbii ki, rəqib də boş durmur, bizim düşünmədiyimiz hansısa variantlara əl atır. Hər mərhələ adladıqca daha diqqətli olmalıyıq. Onlar da çox ciddi yanaşırlar, hətta xırdalıqları da ciddi müzakirə edirlər. Sabah futbolçularımız tapşırıqları yerinə yetirmək üçün daim diqqətli olmalıdır. Çünki rəqibin hansı tərəfdən hücum edəcəyini ola bilər ki, düşünməyək. Bu üzdən başda mən olmaqla, futbolçularım oyunboyu daha diqqətli olmalıyıq. Taktiki və mübarizə baxımdan maraqlı oyun olacaq”.

Qurbanov uzun müddət eyni komandada çalışması və rəqib baş məşqçi Stanislav Çerçesov, həmçinin itkilər haqda sualları da cavablandırıb: “Çox fikir bildirə bilərik. Amma futbolun dili birdir. Kim onu daim düzgün idarə edirsə, qalib gəlir. Mənim bəlkə çox cüzi əməyim var. Biz nə qədər fikir bildirsək də, futbolçu bunu düzgün, istəklə yerinə yetirməlidir. Onların üzərinə daha çox iş düşür. Çalışırıq ki, işimizi layiqincə yerinə yetirək, bizə olan inamı doğruldaq. Rəqibin baş məşqçisi təcrübəli mütəxəssisdir. Böyük futbolçu və məşqçi karyerası var. Bacarıqlıdır, nizam-intizamı sevir, çox tələbkardır. Haqqında məlumatımız çoxdur. Bacarıqlı məşqçilərə, futbolçulara daim dəyər vermişik. Çünki onlar bizim həmkarlarımızdır. Təəssüf ki, hər oyunda yolumuz uzaq səfərə olur. Amma bunda ciddi problem görmürəm. İllərdir buna uyğun proqram üzrə çalışırıq. Rəqiblər də bizimlə matçlara eyni məsafə qət edirlər. Bəli, ilk matçda 4 oyunçumuz yox idi. Sabah da iki mərkəz müdafiəçimiz Kevin Medina və Maksim Medvedev olmayacaq. Amma digərlərinin durumu məni sevindirir. Rotasiya etmək imkanımız var. Futbolçularımızın sayı çoxdur, bu da üstünlüyümüzdür. Təəssüf ki, hamısı geri qayıtmayıb. Amma futbolda belə hallara daim hazır olmalıyıq”.

ETOPAZ

Əvvəlki yazı

Badosa 3-cü sırada, Kasatkina “Top-10”da

Növbəti yazı

Verner “Leypsiq”də