Canni de Byazi: “Özümüz özümüzə inanmalıyıq”

Canni de Byazi: “Özümüz özümüzə inanmalıyıq”

Azərbaycan milisi sabah Belarusla qarşılaşacaq. Millətlər Liqasının IV turunun Bakıdakı oyunu öncəsi yığmamızın baş məşqçisi Canni De Byazinin mətbuat konfransı keçirilib.

İtaliyalı mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb: “Komanda olaraq Millətlər Liqasına nəticə baxımından yaxşı başlamamışıq. Amma üç oyunda da yaxşı oynamışdıq. Slovakiya bizdən keyfiyyətcə, həm də təcrübə baxımından üstün olsa da, onlara qarşı da yaxşı oynadıq. Ən azından heç-heçə edə bilərdik. Amma bəxtsizlik oldu. Əminəm ki, bundan daha yaxşısına nail ola bilərdik. Sabah Belarus üzərində qələbə qazanmalıyıq. Ondan sonra Qazaxıstanla oyunumuz olacaq. Son oyunda da Slovakiyaya qarşı sona qədər mübarizə aparacağıq. Çalışacağıq ki, qrupda maksimum xalı toplayaq. Sabahkı oyuna yaxşı hazırlaşmışıq. Var gücümüzü qoyacağıq ki, qalib gələk.

Təbii ki, psixoloji vəziyyət yaxşı deyil. Çünki ilk iki oyunda qol vura bilmədik, qalib gələ bilmədik. Son oyunda daha çətin rəqibə qarşı oynadıq. Amma futbolda külək öz istiqamətini tez dəyişir. Bir oyun udsaq, özünəinamı geri qaytaracağıq. Hər bir futbolçunun öz daxilində istəyi olmalıdır. Meydanda sona qədər vuruşmalıdır, komanda yoldaşlarına dəstək olmalıdır. Özümüz özümüzə inanmalıyıq ki, nəticələr gəlsin. Başa düşürəm, ilk oyunlarda nəticələr uğurlu olmayıb. Hər bir oyunçu meydanda ürəyini qoyub, vuruşub.

Maksim Medvedev bizim üçün çox vacib oyunçudur. Sabahkı oyunda onun təcrübəsindən yararlanmaq istəyirəm. Amma oynayıb, oynamayacağı sabah bilinəcək”.

ETOPAZ

Əvvəlki yazı

PSJ-dən Poçettinoya vida

Növbəti yazı

Şahrudin Məhəmmədəliyev: “Meydana yalnız qələbə üçün çıxacağıq”