Xorvatiya yığması DÇ-2022-də, Rusiya pley-offda

Xorvatiya yığması DÇ-2022-də, Rusiya pley-offda

DÇ-2022-nin daha bir iştirakçısı müəyyənləşib. Son dünya çempionatının gümüş mükafatçısı Xorvatiya Qətərdəki mundiala vəsiqə qazanıb.

Balkanlılar Avropa zonası üzrə seçmə mərhələnin sonuncu – X turunda buna nail olub. H qrupunda mübarizə aparan Xorvatiya evdə Rusiya üzərində çətin qələbə qazanıb – 1:0.

Bununla da xal hesabını 23-ə çatdıran Zlatko Daliçin yetirmələri şimallıları 1 xal geridə qoyub. Xorvatiya Qətərə birbaşa vəsiqə qazanıbsa, Rusiya Avropa zonası üzrə pley-offda mübarizə aparacaq.

Bununla da gələn il noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək mundialda iştirakı dəqiqləşən komandaların sayı 7-yə çatıb. Meydan sahibi Qətərin birbaşa vəsiqə qazandığı mundialda oynamaq hüququnu daha öncə Avropadan Danimarka, Almaniya, Fransa və Belçika, Cənubi Amerikadan Braziliya yığmaları qazanıb.

Rusiya isə Şotlandiya, Avstriya, Uels və Çexiyadan sonra pley-offda iştirakı dəqiqləşən 5-ci komanda olub. Bu mərhələnin yarımfinalı gələn il martın 24-25-də, finalı 28-29-da keçiriləcək və üç komanda Qətər-2022-yə yüksələcək. Yarımfinal və finalın püşkatması isə noyabrın 28-də baş tutacaq.

ETOPAZ

Əvvəlki yazı

Xavinin gözü “Çelsi”də

Növbəti yazı

Günün  kuponu – 15.11.2021