İngiltərə 10 qolla mundialda, İtaliya pley-offda

İngiltərə 10 qolla mundialda, İtaliya pley-offda

DÇ-2022-nin final mərhələsinin daha iki iştirakçısı bəlli olub. Avropa zonası üzrə seçmə mərhələnin X turundan sonra C və İ qruplarının qalibləri Qətərdəki mundiala vəsiqə qazanıblar.

San-Marino üzərində 10:0 hesablı səfər qələbəsi qazanan İngiltərə millisi 26 xalla İ qrupunun qalibi olub. Bu, futbolun yaradıcılarını final mərhələsinə daşıyıb. Macarıstanla ev oyununda 1:2 hesabı ilə uduzan Polşa 20 xalla ikinci yeri tutub və pley-offda mübarizə aparacaq.

C qrupunun qalibi İtaliya və İsveçrənin qiyabi mübarizəsində bəlli olub. Bolqarıstanla ev oyununda 4 cavabsız qol vuran isveçrəlilər 18 xalla 1-ci yeri və dünya çempionatına vəsiqəni əldə edib. Şimali İrlandiya səfərində qolsuz heç-heçə edən son Avropa çempionları 16 xalla ikinci olub. İtaliya millisi pley-offda gücünü sınayacaq.

Bununla da DÇ-2022-yə vəsiqə qazanan komandaların sayı 11-ə çatıb. Qətərin meydan sahibi kimi qatılacağı yarışa Avropadan Danimarka, Almaniya, Fransa, Xorvatiya, Belçika, Serbiya, İspaniya, İngiltərə, İsveçrə, Cənubi Amerikadan Braziliya vəsiqə qazanıb.

Avropa zonası üzrə pley-offun 12 iştirakçısından 10-u dəqiqləşib. Bunlar Şotlandiya, Avstriya, Rusiya, Uels, Çexiya, Şimali Makedoniya, Portuqaliya, İsveç, İtaliya, Polşa yığmalarıdır.

ETOPAZ

Əvvəlki yazı

Son hissənin bombardiri

Növbəti yazı

Yarımfinal cütləri müəyyənləşdi