Adrian Mutu: “Məqsədimiz növbəti mərhələyə adlamaqdır”

Adrian Mutu: “Məqsədimiz növbəti mərhələyə adlamaqdır”

Konfrans Liqasının II təsnifat mərhələsinin “Neftçi” – “Jelezniçar” oyunundan əvvəl Bakı klubunun baş məşqçisi Adrian Mutunun iştirakı ilə mətbuat konfransı təşkil olunub. Rumıniyalı mütəxəssis sabah keçiriləcək oyun barədə fikirlərini açıqlayıb:

“Artıq rəqibimizin necə oynayacağını və necə əzmkar komanda olduğunu bilirik. Bizi çətin oyun gözləyir, bunu dərk edirik, amma təbii ki, məqsədimiz növbəti mərhələyə adlamaqdır. Əlbəttə, keçirəcəyim ilk ev oyunu olduğu üçün həyəcanlıyam. Təbii ki, ev matçlarına növbəti mərhələ adlamaqla start vermək istəyirəm. Arzu edirəm ki, azarkeşlər tribunaları doldurub komandaya sonadək dəstək versinlər. Onlara söz verə bilərəm ki, “Neftçi”nin uğur qazanması üçün hər oyun 200 faiz gücümüzü verməyə hazırıq. Sabah da eynisini verəcəyik ki, qələbə qazanıb mərhələ adlayaq. Məni narahat edən yeganə məsələ komandamın çıxışıdır, rəqibin baş məşqçisi əsəbidirsə, bu mənim problemim deyil”.

Mütəxəssis stadiondakı atmosferə də toxunub: “Azarkeşlərin yaradacağı atmosfer futbolçulara iki cür təsir edə bilər. Oyuna yaxşı başlasaq, bu bizə müsbət, pis başlasaq, mənfi təsir edə bilər. Düşünürəm ki, bizə yalnız müsbət təsiri olacaq. “Neftçi” böyük tarixə malik klubdur. Əsas məqsədlərimizdən biri də odur ki, daha çox azarkeşi stadiona cəlb edək, komandaya dəstək olsunlar. Onları buna vadar edən şey komandanın göstərdiyi oyundur, nəticələridir. Biz də çalışacağıq ki, oyunumuz və nəticələrimizlə buna nail olaq. Məncə, Rəhman Hacıyev Bosniyada işini layiqincə yerinə yetirdi. Mənim üçün əsas və əvəzedici heyət oyunçusu kimi bir anlam yoxdur. Heyəti futbolçuların məşqlərdə həftəboyu göstərdiyi performansa görə müəyyənləşdiririk. Yəni Rəhman belə davam etsə, start heyətində yerini möhkəmlədə bilər. Hər bir futbolçuya şans verəcəyəm. Hazırda əlimdə olan futbolçuların hamısının oyunundan razıyam, şayiələrə fikir vermək lazım deyil. Məşqlərimiz çox yaxşı gedir. Bunu səfərdə vurduğumuz son dəqiqə qolu ilə də sübut etdik”.

Mutu komandanı əvvəlki ilə müqayisə edib: “Əvvəlki “Neftçi” ilə müqayisədə fiziki cəhətdən indi daha yaxşı səviyyədəyik. Düşünürəm ki, oyundan oyuna daha da yaxşı olacağıq, məqsədimiz budur. Yeni cəlb olunmuş transferlərdən razıyam. Çünki bütün bu keçidlər sırf mənim istəyimlə baş tutub. Andre Şinyaşikinin necə oyunçu olduğunu bilirəm, amma iki gün əvvəl gəldiyi üçün indi onun haqqında heç nə deyə bilmərəm. Bu gün bizimlədirsə, deməli, onu bəyənmişəm. Bundan sonrakı transferlərin də komandaya kömək edəcəklərinə ümid edirəm. Bakını çox bəyənirəm, çox gözəl şəhərdir. Burada insanlar mənimlə çox yaxşı davranırlar. Mətbəxiniz də çox dadlıdır. Saldanyaya gəlincə, o, komandanı uyğunsuz bir vaxtda tərk etdi, amma bir futbolçunun ürəyi və beyni komanda ilə birlikdə deyilsə, bizə belə bir oyunçunu burada saxlamaq lazım deyil”.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ” “Rakuv”u keçə bilmədi

Növbəti yazı

Emin Mahmudov: “Kiminlə oynayacağımız fərq etməz”