Türkiyə DÇ-2022-nin pley-offunda
DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsi başa çatıb. X turun son oyun günündə mundiala birbaşa vəsiqə qazanan sonuncu komanda müəyyənləşib.
G qrupunda 1-ci yeri Niderland millisi tutub. Lui van Qalın yetirmələri Norveçi 2:0 hesabı ilə udaraq Qətərdəki dünya çempionatına vəsiqə qazanıb.
Monteneqroda 2:1 hesablı qələbəyə sevinən Türkiyə qrup ikincisi olub. “Ay-ulduzlular” Avropa zonası üzrə pley-offda mübarizə aparacaq.
Bu mərhələnin digər iştirakçısı Ukrayna olacaq. Bosniya və Herseqovina səfərində 2:0 hesablı qələbə ukraynalıları D qrupunda ikinci pilləyə daşıyıb. Finlandiyanın evdə Fransaya uduzması “suomilər”in pley-off vəsiqəsini itirməsi ilə nəticələnib.
E qrupunda ikinci yer Uelsin olub. Belçika ilə 1:1 hesablı heç-heçə edən böyük britaniyalılar pley-offa ikinci yerlə yüksəlibsə, Estoniyanı iki cavabsız qolla yenən Çexiya Millətlər Liqasından vəsiqə qazanan komanda olub.
Qeyd edək ki, meydan sahibi Qətərin birbaşa vəsiqə qazandığı mundialda oynamaq hüququnu daha öncə Avropadan Danimarka, Almaniya, Fransa, Xorvatiya, Belçika, Serbiya, İspaniya, İngiltərə və İsveçrə, Cənubi Amerikadan Braziliya yığmaları qazanıb. Gələn il martın 24-25-də və 28-29-da keçiriləcək Avropa zonası üzrə pley-offa Şotlandiya, Avstriya, Portuqaliya, Polşa, Rusiya, Uels, Çexiya, İtaliya, İsveç və Şimali Makedoniya vəsiqə əldə edib. Bu raundun püşkü noyabrın 26-da atılacaq.