“Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu sabah davam etdiriləcək
Bu gün Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” qarşılaşması yarımçıq qalıb. Görüşün 81-ci dəqiqədə güclü külək səbəbindən meydançanın işıq dirəyi aşdığına görə qarşılaşma dayandırılıb.
Həmin vaxt hesab meydan sahiblərinin xeyrinə olub – 2:1. Tovuz təmsilçisinin qollarına Xəyal Nəcəfov və Bruno Qonçalves imza atıb. Naxçıvanlılar heyətində İsmail Azzaui penaltidən fərqlənib.
Peşəkar Futbol Liqası, hakimlər, oyun rəsmiləri və klubların təcili iclasından sonra matçın sabah – 24 dekabr saat 12:00-da dayandırıldığı dəqiqədən etibarən davam etdirilməsi qərara alınıb.